"Bunun üstündə çox da ciddi düşünməmişik" - Qurban Qurbanov

"Bunun üstündə çox da ciddi düşünməmişik" - Qurban Qurbanov

"Çox möhkəm kollektivə qarşı oynayacağıq. Belə komandalara qarşı final oyunları oynamaq xoşdur".

"Mediasport" xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Azərbaycan Kubokunun "Sabah"la final qarşılaşması öncəsi keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Hamı üçün çox vacib oyundur. Ən azından final görüşləri elədir ki, bütün klubların azarkeşləri bir yerə toplanır. Bayram kimi olur. Bizim azarkeşlər bizə azarkeşlik edəcək. Neytral azarkeşlər yaxşı futbola baxmağa gələcəklər. Komanda olaraq çalışacağıq ki, ən azından yaxşı oyun göstərəcək. Kubok da əlavə prestijdir. Çempion olmuşuq, amma istərdik ki, finalda yaxşı oyun göstərib yaxşı nəticə qazanaq. "Sabah" yaxşı komandadır. Son vaxtlar çox iddialıdır, gələcək üçün çox böyük işlər görür. Çempionatda 5-ci yerdə olsalar da, komanda bəlkə bu yerə layiq deyildi. Potensialına və fərdi oyunçularına görə daha yuxarıda olmağa layiq idilər. Vasili Berezutski də demişdi ki, kubokda iddialıdırlar, bura kökləniblər. Klub, futbolçular belə oyunlarda inkişaf edir. Hər iki komandaya uğurlar arzulayıram. Çalışacağıq ki, yaxşı oyun olsun. Xeyirlisi olsun".


Vasili Berezutski gələndən sonra "Sabah"a qalib gələ bilmirsiniz. Əsas hansı planda çətinlik çəkirsiniz?

- Bizə qarşı oyunlarda müdafiədə çox səliqəli oynayırlar. Çox diqqətli olurlar. Fərdi keyfiyyətləri olan futbolçular çətinlik yaşadırlar. Bu gün liderik, çempionatın qalibi olmuşuq. Hər zaman bütün komandalar liderə qarşı daha istəkli olurlar. Özümüz də bunu keçmişik. Əvvəllər liderlərə qarşı oynayanda, indi avrokuboklarda daha böyük komandaya qarşı oynayanda, istər-istəməz motivasiyamız daha yuxarı olur, məsuliyyətimiz daha çox olur. "Sabah" 5-ci yerdə oldu, amma bu yerə layiq deyillər, daha çoxuna layiq idilər. Bizimlə çox fərqi olmayan komandadır. 

Sumqayıtda oynamaq necədir?

- Sumqayıtda meydança yaxşıdır. Orada futbola böyük maraq olur. Bizim oyunlarımızda həmişə stadion dolu olub. 7-8 min azarkeş görürük. Futbolçular üçün də orada oynamaq xoş olacaq. Penaltilərə hazırıq, amma bunun üstündə çox da ciddi düşünməmişik. Futbolçularımıza özləri bilmədən şərait yaradırıq ki, hərəsi 1-2 penalti yerinə yetirsin.