"Özümü başqa komandada təsəvvür etmirəm" - KAPİTAN

"Özümü başqa komandada təsəvvür etmirəm" - KAPİTAN

"Karyeramı "Qarabağ"da bitirmək istəyirəm. Özümü başqa komandada təsəvvür etmirəm".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov deyib.

Təcrübəli müdafiəçi "CBC Sport" kanalına açıqlamasında Ağdam klubundan ayrılmaq istəmədiyini qeyd edib:

"Bura mənim evimdir. Hər il daha çox oynamaq istəyirəm. Futbolu bitirmək fikrim yoxdur. Karyeram sürətlə keçib gedir, amma bütün gücümü "Qarabağ"a vermək niyyətindəyəm".

2012-ci ildən "köhlən atlar"ın formasını geyinən Azərbaycan millisinin üzvü Premyer Liqada yeni mövsümdən legioner limitinin ləğv olunacağına da münasibət bildirib:

"Limit məsələsi maraqlı mövzudur və geniş müzakirə tələb edir. Aydındır ki, bu qərar bəzi oyunçuların şanslarını məhdudlaşdıracaq. Hər kəs bunun fərqindədir, amma bu qərara anlayışla yanaşmaq və daha çox çalışmaq lazımdır. Məncə, bu addım yerli futbolçuların keyfiyyətini artırmaq məqsədi daşıyır. Bu, uzun müzakirə mövzusudur. Başqa bir gün daha ətraflı müzakirə etmək olar".