Hövsanda dünya çempionatı üçün 10 stadionun hazırlığı tamamlandı

Hövsanda dünya çempionatı üçün 10 stadionun hazırlığı tamamlandı

Oktyabrın 24-dən 30-dək Azərbaycanın ev sahibliyi edəcəyi futbol üzrə FİFA U-15 Dünya Çempionatı və Festivalının oyunları ilə əlaqədar yeni inşa olunmuş Hövsan Yarış Kompleksinə media nümayəndələri üçün tur təşkil edilib.

"Mediasport" xəbər verir ki, mətbuat nümayəndələri qarşıdakı nüfuzlu yarışın əsas məkanlarından biri olan yeni komplekslə yaxından tanış olublar.

Ərazidə yaradılmış müasir infrastruktur və turnirə hazırlıq prosesi barədə ətraflı məlumat verilib.

Açıqlama verən Neft Qaz Tikinti Trestinin (NQTT) müdiri Qağaməli Seyfullayev kompleksdə görülən tikinti və abadlıq işlərinin detallarını diqqətə çatdırıb.

O bildirib ki, layihənin sifarişçisi Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), baş podratçısı isə Neft Qaz Tikinti Trestidir.

Q.Seyfullayev qeyd edib ki, kompleksin ümumi ərazisi iki hissədən ibarətdir. 12 hektarlıq daimi ərazidə 10 ministadion, inzibati bina və əsas infrastrukturlar yerləşir.

6,6 hektarlıq köməkçi ərazidə isə media qrupları, xidməti personalın qidalanması, sanitar qovşaqlar və geyinib-soyunma otaqları üçün 23 müxtəlifölçülü çadır quraşdırılıb.

10 ministadionun hamısında işlər artıq başa çatıb, süni ot örtüyü döşənib. Hazırda ehtiyat oyunçular üçün oturacaqların yerləşdirilməsi, küləyə qarşı torların çəkilməsi, projektorların quraşdırılması kimi son tamamlama və sınaq işləri aparılır.