"İnanıram ki, futbolçular ən yaxşı oyunlarından birini oynayacaqlar"

"Bu gözəl stadionda oynamaq, belə gözəl şəhərdə olmaq bizim üçün xoşdur. Oyuna daha yaxşı hazırlaşmaq istərdik, amma bəzi səbəblərə görə istədiyimiz kimi olmadı".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis UEFA Çempionlar Liqasında əsas mərhələnin ilk turu çərçivəsində sabah qarşılaşacaqları "Benfika" ilə görüşdən öncə keçirilən mətbuat konfransında düşüncələrini səsləndirib:
"Hər bir halda xeyli təcrübəmiz var. İnanıram ki, futbolçularım sabah özlərinin ən yaxşı oyunlarından birini oynayacaqlar. Çünki neçə illər idi biz Çempionlar Liqasının bu mərhələsində oynamırdıq və bu turnirdə iştirak etmək hər bir futbolçunun arzusu idi".
Xatırladaq ki, Lissabonun "Da Luj" arenasında keçiriləcək “Benfika” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.