"Təəssüf ki, ən vacib dəqiqələrdə futbolçumuz qırmızı vərəqə aldı"

"Təəssüf ki, ən vacib dəqiqələrdə futbolçumuz qırmızı vərəqə aldı"

"Futbolçularıma göstərdikləri əzmkar oyuna görə təşəkkür edirəm. Onlar bu gün mübariz oyun sərgilədilər. Baxmayaraq ki, səfərdə güclü rəqibə qarşı oynayırdıq".

"Mediasport" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Mütəxəssis UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin "Hayduk"la səfər oyunundan sonra fikirlərini bölüşüb. Xorvatiyada mübarizəni dayandıran "qartallar"ın çalışdırıcısı komandasının sonadək mübarizə apardığını qeyd edib:

"Qarşılaşmanın əvvəlində təzyiq göstərməyə başlamışdıq və bu bizdə çox yaxşı alınırdı. Təəssüf ki, ən vacib dəqiqələrdə futbolçumuz qırmızı vərəqə aldı. Buna baxmayaraq hücumlarımız davam edirdi və qol vuraraq hesabı bərabərləşdirdik.

Oyunun əlavə hissəsində 10 nəfərlə oynamaq çox çətin idi. Daha sonra rəqib komandanın futbolçusu cərimə zərbəsindən çox gözəl qol vurdu. Oyundan qopmaq istəmədik, hesabı bərabərləşdirmək üçün cəhd etdik. Təəssüf ki, bu, bizdə alınmadı".

Qeyd edək ki, ötən həftə rəqibi ilə Bakıda heç-heçə (1:1) edən "Zirə" Splitdə 90 dəqiqəni bərabərliklə tamamlasa da, əlavə vaxtda buraxdığı yeganə qolla mübarizəni dayandırıb.