Juninyonu aparan "Flamenqu" "Qarabağ"ın digər üzvünü də istəyir
Ötən ilin yanvarında "Qarabağ"dan Olavio Juninyonu transfer edən "Flamenqu" Azərbaycan çempionunun daha bir üzvünü heyətinə qatmağa çalışır.
"Mediasport" xəbər verir ki, Braziliya nəhəngi bu dəfə Mateus Silvanı transfer etmək istəyir.
Felipe Luisin baş məşqçisi olduğu Rio de Janeyro təmsilçisi bugünlərdə "atlılar"la rəsmi danışıqlara start verəcək.
Azərbaycana 2023-cü ilin avqustunda Bolqarıstandan gələn sağ cinah müdafiəçisinin ağdamlılarla anlaşması 2027-ci ilin yayına qədərdir.
Xatırladaq ki, Portuqaliyanın "Vitoria" (Gimaraynş) klubu da bir müddətdir "sambaçı"nı yaxından izləyir.
Silva "Qarabağ"da indiyədək 107 rəsmi oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
