"Barselona" ilə oynamaq mənimçün böyük təhlükə olar"

"Barselona" ilə oynamaq mənimçün böyük təhlükə olar"

"Futbolçularımı təbrik edirəm. Çox gərgin oyunla, böyük məsuliyyətlə Çempionlar Liqasının əsas mərhələsinə düşə bildilər. Hər birini yenidən daha böyük futbolu, daha böyük oyunları görmək münasibətilə təbrik edirəm".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la cavab oyunu (2:3) haqda fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Cənab Prezident də bizi rəsmi təbrik edir. Mən də onu təbrik etmək istəyirəm. Neçə ildir ki, böyük turnirdə Azərbaycanı görmək üçün bizim kimi o da gözləyirdi. Başda Cənab Prezident olmaqla, bütün ailəsini təbrik edirəm. Həqiqətən bu, bir daha göstərdi ki, cənab prezidentin gözü bizim üzərimizdədir. Məsuliyyətimiz bir daha artdı. Özünüz də gördünüz ki, gərgin matç oldu. Bu da gərginlikdən irəli gələn durum idi. Bu gün stadionumuz tam başqa idi. Bəlkə çoxdan bu cür atmosfer görməmişdim. Biz nə qədər gərgin idiksə, onlar da belə idi. Onlara təşəkkür edirəm. Bəlkə də ən çox haqq edən onlar idi. Belə qalibiyyəti istəyirdilər. sizlərə təşəkkür edirəm. İllərdir həm yaxşı yazılarınızla, həm bizim yanımızda olmaqla, kollektivin, ailənin üzvüsüz".

Rəqibin qıcıqlandırıcı açıqlamaları var idi. Siz oyundan öncə futbolçularınıza dediniz?

- Kartlarım həmişə açıqdır. Fikirlərim hansı yöndə gedirdisə, mətbuat konfransında demişdim. Daha çox soyuqqanlı davranmalı olduğumuzu, rəqibin qıcıqlandırıcı müsahiblərinə fikir verməməli olduqlarını demişdim. Bunu düşünərək işimizi qursaq, uğur əldə edə bilmərik. Belə böyük oyunlar soyuqqanlılıq tələb edir. İstək çox olsa, futbolçular "yana" bilərlər. Daha çox cəsarət, ağıl tələb etmişəm. Həm cəsarətli, həm ağıllı olmaq daim vacibdir. İstənilən nəticədə oyundan qopmalı deyildik.

Bəlkə də yeri deyil, tələsik sualdır. Liqa mərhələsində hansı stadionda oynayacaqsız?  

- Düzünü desəm, hələ belə qərar verilməyib. Bəlkə, məni aşan məsələdir. Ola bilər ki, hamı bu işdə iştirak etməlidir. ÇL-in çox ciddi tələbləri var, həm ot örtüyü, həm də əlavə lazım olan detallar. Əgər BOS-da oynamaq...Oradakı durumu bilmirəm. Qalan şeylər qaydasındadır. Sadəcə orada son vaxtlar tədbirlər olub. Həm AFFA, həm digər qurumlar tərəfindən təklif olarsa, orada oynamağa hazırıq.

"Qarabağ" tarixində ikinci dəfə ən şirin məğlubiyyəti aldı. 8 ildən bu tərəfə nə dəyişdi?

- İldən-ilə hər şey dəyişir, futbol da dəyişir. Futbolun dəyişən tərəflərini xırdalasam, bizim üçün böyük problemlər ola bilər. Bəzən xarakter, bəzən birlik belə uğur əldə etməyə gətirib çıxarır. Öz həyatımızda nə dəyişirsə, işdə, geridə qalan illərdə o dəyişiklik olur.

Bu məğlubiyyət sizin üçün gözlənilirdi? Bu gün olması daha yaxşı idi, nəinki növbəti matçlarda? Komanda ilə ayrıca söhbət edəcəksiz?

- Mən bəlkə bu cür oyunlara fərqli yanaşıram. Oyunlar olub, uduzmuşuq, amma şərəfli uduzmuşuq. Ferentsvaroş da çox bərk komanda idi. Bu gün burada qalib də gələ bilərdi. Sadəcə onlar bu gün bu qələbəni haqq edirdilər. Onlar ÇL-də oynamağa haqq edirdilər. Öz futbolçularıma irad bildirməyəcəm. Geridə qalan günlərdə, son 3 gündə onların yanında idim. Hansı hisslər keçirdiklərii gözəl bilirdim. Oyun yaxınlaşdıqca gərginlik çoxalırdı. Mənim özümdə gərginlik var idi. Futbolçular bunu bəlkə hiss edirdilər. Özümü tam rahat, soyuqqanlı apara bilmirdim. Yəqin hiss edirdilər. Onları təbrik edirəm, bağrıma basdım. Sabah bazada bir daha bağrıma basacam.

2017-ci ildə ÇL-ə düşəndə "Qarabağ" 3 transfer gətirmişdi. Bu dəfə kimlərisə icarəyə götürəcəksiz?

- Futbolçularımızın sayını çoxatlmaq istəyirik. Xüsusilə də, hücum xəttində. Hər gün işimizin çox hissəsini transfer məsələsinə ayırmışıq. Transfer xətrinə transfer istəmirdik. İstədiklərimiz alınmasa, ən azından siz deyən varianta gedərik ki, ölk ədaxilində problemlərimiz olmasın. Yükləmələrimiz çoxalacaq. Bu gün bu hiss olunurdu. ÇL-də 5 oyun oynamaq çox böyük yükləmədir. Həm fiziki, həm də psixoloji tərəfdən. Get-gedə çoxalacaq. Allah qorusun, zədəsi var. Futbolçu sayı lazım olacaq ki, hər iki turnirdə sağlam oyunçuları əlimizdə saxlayaq. Olsa, edəcəyik, olmasa bu futbolçularla davam edəcəyik. Ancaq çox ciddi iş gedir.

"Braqa" ilə oyundan sonra sual vermişdim ki, sizin göz yaşlarınızı görmək üçün hansı uğur lazımdır? Bu gün o sevinc göz yaşlarınız növbət dəfə o sevinc göz yaşlarını görmək üçün hansı anları görmək lazımdır?

- Hardan gördüz ki? Gizlədirdim axı. Özümü saxlayırdım. Təki, belə sevinc göz yaşları olsun. Emosiyalardan irəli gələn bir şeydir. Hər bir halda, çalışmalıyıq ki, bu uğurla dayanmayaq. Daha yeni uğurlar əldə etməyə. Bunun üçün daha çox iş saatı lazım gələcək. Yorulmamışıq, gücümüz var. Daha çox çalışmalıyıq. Göz yaşları adi çempionat oyununda ola bilər. Mən özüm istəmirəm ki, belə hal olsun, göz yaşlarım olsun. Amma qaçılmazdır. Dünya futbolunda da olan maraqlı hadisədir. Görək də. 

Emmanuel Addai sanki zəif idi. Artıq çəki də hiss olunurdu...

- Gəlin, bu gün heç bir futbolçunu müzairə etməyək. Bu gün mənə sərbəstlik verin. Addai pis çıxmadı. Gərginlik yaratdı. 15-20 dqəqiqə meydanda idi. Çəkisi də normaldır. Belə oyunlarda sonradan meydana çıxmaq heç də asan deyil. Bu gün heç bir futbolçu haqda irad bildirmək istəmirəm. Hamısının bugünkü uğurda çox böyük payı var.

Bu cür qələbəni siz necə qeyd edirsiz?

- Mənim rayondan qardaşlarım gəlib. Bəlkə də harada oturacaqlarını yazıblar. Ora gedəcəm (gülür). Musa müəllim aşağıya düşdü. Aşağıda məni qucaqldı. Gedəcəm böyük qardaşlarımın yanına, onları qucaqlayacam.

U-19 komandanız da ÇL-də iştirak edəcək. Planlalar müzakirə olunacaq?

- Lazım olsa, Aftandil müəllim, ya baş məşqçi dialoq aparsa, fikir bildirə bilərəm. Amma, məncə, ehtiyac yoxdur. Belə oyunlarda sərbəstlik daha önəmli olur. Klub və mən onların yanında olmağa çalışacağıq.

ÇL-də konkret hədəf nə olacaq?

- Qrupdakı hədəf haqda düşünməmişdim. Hədəf ora düşmək idi. Püşk atılsın, sonra fikir bildirərik. Bu cür oyunlarla ölkə futboluna inam daha da çoxalır. Futbolçular daha da böyüyür. Çox böyük təcrübədir. Hər bir futbolçunun arzusudur ki, ən böyük turnirdə iştirak etsinlər. Ən azından 3-4 böyük klub olacaq, onların 1-2-ni Bakıda görəcəklər. Bu da futbolun sevilməsi üçün böyük addımdır. Həm AFFA, həm klublar, həm dövlət səviyyəsində futbola ola bilər ki, futbola daha da böyük maraq olsun. Bunu hamının canlı görməsi bizim işimizə rahatçılıq gətirir. ÇL-ə kənardan - TV-dən baxırıq. Amma böyük insanlar, böyük işlər görəndə, fərqli olur. Ümumi Azərbaycan futbolu üçün böyük.

Bir neçə ay əvvəl düşərgəsində olduğunuz, həm də azarkeşi olduğunuz "Barselona" ilə qarşılaşmağı necə təsəvvür edirsiz?

- Bilmirəm. Amma hər şey ola bilər. Mənim üçün böyük təhlükə olardı, "Barselona" ilə olar. Amma sizlər və azarkeşlərə görə sevinərəm ki, onlar Bakıda olacaq.