"Kəpəz"in naməlum rəhbərliyi Azər Bağırov yeni "torba" hazırlayır?!

 "Kəpəz"in naməlum rəhbərliyi Azər Bağırov yeni "torba" hazırlayır?!

"Zirə" və "Turan Tovuz" kimi iddialılardan xal alan, ardınca "Qarabağ"ı məğlub edən "Kəpəz"dən son illər fələk də baş açmır.

2025/2026-cı illər mövsümündə son ölkə çempionunu iki dəfə məğlub edən yeganə komanda ard-arda autsayderlərə uduzur.

"Qəbələ"dən iki cavabsız top buraxan Gəncə klubu "Karvan-Yevlax"la matçda biabır oldu - 1:4.

Yəni bu komanda ardıcıl olaraq Premyer Liqanın nəhənglərini büdrədən "Kəpəz" deyil? Təbii ki, odur. Bəs nə baş verir?..

Mövsümün başa çatmasına 6 tur qalmış 21 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşan "sarı-göylər" son yerin sahibi "Karvan-Yevlax"dan 10 xal irəlidə olduğundan komandanın çempionatda qalacağına ümid böyükdür.

Xüsusilə Azər Bağırov amili burada böyük rol oynayır. Ən azı ötən mövsüm şahidi olmuşuq.

Amma görünən budur ki, Bağırovdan da asılı olmayan məsələlər var.

Ümumilikdə "Kəpəz" daxilində naməlum olayların cərəyan etdiyi tam aşkar görünməsə də, indiki reallıqda saman altından su yeritmək qəliz məsələdir.

Gün üzünə çıxan müəyyən detallar var ki, birbaşa rəhbərliyin passivinə yazıla bilər.

Məsələn, mətbuatda klub idarəçilərinin (hərçənd klubu tam olaraq kimin idarə etdiyi naməlumdur) Azər Bağırovu yola salmağa hazırlaşdığı iddia edilir.

Məsələn, "Kəpəz"in İngiltərədən, nə bilim Şotlandiyadan vatsap qrupu ilə idarə edildiyi deyilir.

Məsələn, Azər Bağırovun sözünün naməlum, qeyri-rəsmi mətbuat katibinə də keçmədiyi bildirilir.

Məsələn...

Neqativ məqamların sayını uzatmaq da olar, çoxdur.

Bu atmosferdə, belə ab-havada "Kəpəz"in də bir gün elə, bir gün belə çıxış etməsi paralel qanunauyğunluqdur əslində.

Azər Bağırova yeni "torba"nın hazırlanması tam gözləniləndir. Niyə? Ən son ötən mövsüm belə etdilər.

Azər Bağırovun ona edilən hörmətsizliyə rəğmən, yenidən komandaya qayıtması başqa yazının mövzusu olsa da, şəxsinə qarşı cari davranışlara bu məqam da təkan verir.

Uzun illər maliyyə çatışmazlığından, sponsorsuzluqdan əziyyət çəkən, məşqə acından günorta çıxan komandanın maddi çatışmazlıqları tam həll olunsa da, daxili çaxnaşmalar, qruplaşmalar səngimir.

Hərdən "Kəpəz" kimi komandanın ümumilikdə böyük futbolda olmasını istəmirsən. Lakin Gəncə...

Ölkənin ikinci böyük şəhəri əsl futbol bölgəsidir, ta qədimdən belə olub. Nizami yurduna futbol yaraşır.

Ancaq dahi mütəfəkkirin adını daşıyan şəhərin yeganə futbol komandası tam peşəkarlaşa bilmir, yaxud kimlərsə bunu istəmir.

Məhz bunun nəticəsidir ki, Azərbaycanın ən titullu klublarından olan "Kəpəz" neçə mövsümdür yalnız Premyer Liqada qalmaq uğrunda yarışır.

Elvin ƏHƏD