"Keçmişə qayıtmağa ehtiyac yoxdur" - Qurban Qurbanov

"Keçmişə qayıtmağa ehtiyac yoxdur" - Qurban Qurbanov

"Futbolçularımı təbrik edirəm, çox intizamlı oynadılar. Belə oyunlarda səbirli olmaq çox vacibdir".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Karvan-Yevlax"la oyunu haqda danışıb, 3:0 hesablı məğlubiyyəti şərh edib:

"Oyun intizamını pozmamaq lazımdır. Xüsusilə də kubok matçında. Bu rəqiblə 4 gün əvvəl oynamışdıq. Bizi çox yaxşı təhlil etmişdilər.

80-ci dəqiqəyə kimi qol vura bilmədik. İmkanlarımız var idi, dəqiqlik çatmadı. Belə oyunlar bəzən futbolçular üçün böyük fayda verir.

Rəqib səni yaxşı tanıyır, sənə oynamaq imkanı vermir. Sən də axtarışda olursan ki, rəqibi səhvə məcbur edəsən. Buna nail olanda razı qalırsan.

Ümumən maraqlı oyun oldu. Azarkeşlərimizə təşəkkür edirəm".


Ötən həftə "Qarabağ"da 800-cü oyununuza çıxdınız. Qurban Qurbanov hansı hissləri keçirir və 1000-ci matç sizin üçün prinsipialdır?

- Özüm heç vaxt hesablamıram. Sadəcə, bəlkə daha da həvəsli oluram. Belə uğurlu statistika varsa, sevinməliyəm. Yəqin ki, hər futbolçunun arzuladığı rəqəm var. Məşqçilərin də arzuladığı karyera var. Əgər uğurlu 200-300 oyun keçirirəmsə, istəyərəm 1000-ə çatsın. Uğursuz olsa, bəlkə maraqsız olar. Hər bir halda üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Qarşıdakı illərdə də çalışacağıq ki, daha intizamlı, məsuliyyətli olaq.

Avrokubok matçlarınıza baxanda görünür ki, “Qarabağ” 65-70-ci dəqiqələrdə daha çox qol buraxıb. Həmin periodda təzyiq çox olur deyə, belə alınır?

- Hər hansı səbəbi yoxdur. Ola bilər ki, rəqib daha çox hücumda olur, bizi məcbur edir səhv buraxmağa. Həmişə bildirmişəm ki, 90 dəqiqə oyundan qopmamalıyıq, konsentrasiyamız qaydasında olmalıdır. Götür-qoy etməmişəm bu barədə.

Ramin Musayev müsahibəsində bildirib ki, 2007-ci ildə “Neftçi”nin büdcəsi azaldığı üçün komandadan getmisiniz, Vlastimil Petrjela daha aşağı maaşa gəlib. Doğru məlumatdır?

- Bəlkə də orada anlaşılmazlıq olub. Keçmişə qayıtmağa ehtiyac yoxdur.