"Sabah bizi çətin oyun gözləyir" - İslandiya millisinin baş məşqçisi
"Sabah bizi çətin oyun gözləyir. Rəqib bizə hər an təhlükə yarada bilər. Amma biz pley-off şansımızı saxlamaq üçün mütləq qələbə qazanmalıyıq".
"Mediasport" xəbər verir ki, bu sözləri İslandiya milli komandasının baş məşqçisi Arnar Qunnlauqsson deyib.
Mütəxəssis sabah DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
O, yığmamızın ciddi rəqib olduğunu vurğulayıb:
"Rəqibin heyətində yaxşı oyunçular var. Biz bunu Ukrayna ilə matçlarda da gördük. Azərbaycanla ilk görüşdə biz daha güclü oynamışdıq. Bu, futboldur, sabah da istənilən hesab qeydə alına bilər. Rəqibimizə hörmətlə yanaşırıq”.
Qeyd edək ki, 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək Azərbaycan - İslandiya qarşılaşması saat 21:00-da başlanacaq.
