Milli Məclisin deputatı AFFA rəhbərliyinə müraciət ünvanladı
“Prezident Gəncə şəhər stadionunun qısa bir müddət içərisində yenidən qurulması üçün sərəncam imzaladı və beynəlxalq standartlara cavab verən bir stadionun açılışında 3-cü MDB oyunları öncəsi şəxsən iştirak etdi. Belə bir stadionu olan “Kəpəz” PFK-nı Premyer Liqa komandaları içərisində sonuncu yerdə görmək şəxsən mənim üçün və gəncəli azarkeşlər üçün ürək ağrısıdır".
"Mediasport" xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Müşfiq Cəfərova məxsusdur.
Millət vəkili parlamentin dünən keçirilən iclasında AFFA-ya müraciət ünvanlayıb.
"Bu tribunadan AFFA rəhbərliyinə səslənirəm: komandanın hazırda başında duran adamlar sponsor adı ilə komandaya sahib çıxdılar, nəticədə isə hansısa bir sponsorluqdan söhbət belə getmədi və bu da ilkin nəticələr...
Beynəlxalq standartlara cavab verən stadion var, FİFA və UEFA-nın dəstəyi ilə inşa edilmiş akademiya ən yüksək standartlara cavab verir. Heç Bakı şəhərində belə bir akademiya mövcud deyil.
Məşq üçün 3 ədəd stadionu olan komanda Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. İnanıram ki, mənim bu çağırışıma AFFA biganə qalmayacaq və mövcud imkanları dəyərləndirəcək”.
