Millimizin sabiq futbolçusunun klubu dünya rekordunu təkrarladı
Azərbaycan millisinin sabiq üzvü Eddi İsrafilovun formasını geyindiyi Malayziyanın "Cohor Darul Tazim" klubu ölkə çempionatını 108 oyunluq məğlubiyyətsiz seriya ilə başa vuraraq dünya rekordunu təkrarlayıb.
Bu göstərici indiyədək 1989-1994-cü illərdə ardıcıl 108 matç uduzmayan Fil Dişi Sahilinin "ASEK Mimozas" klubuna məxsus idi.
"Cohor Darul Tazim" bu göstərici ilə ardıcıl 12-ci dəfə Malayziya çempionu olub.
Komanda mövsümdə keçirdiyi 24 oyunun 23-də qalib gəlib, birində heç-heçə edib və 117 qol vurub.
Son turda "Kelantan TRW"ni 14:1 hesabı ilə darmadağın edərək mövsümün ən böyükhesablı qələbəsini qazanıb.
Malayziya təmsilçisi çempionatda sonuncu dəfə 2021-ci ilin aprelində məğlub olub.
Komanda növbəti mövsümün ilk turunda da uduzmasa, yeni dünya rekorduna sahib olacaq.
Xatırladaq ki, 2015-ci ildən dəvət aldığı yığmamızda 26 oyun keçirmiş Eddi İsrafilov 2024-cü ildən bu komandada çıxış edir.
Mediasport.com.az
