Yankoviç Monteneqroda fəxri mükafata layiq görüldü - FOTO
“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqroda fəxri mükafata layiq görülüb.
"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi doğulduğu Çetinye şəhərinin rəhbəri Nikola Duraskoviç tərəfindən təltif edilib.
Ağdam klubunun üzvü bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Ən çətini və eyni zamanda ən böyük şərəf insanın öz ölkəsində tanınmasıdır. Çetinye şəhərinin rəhbərliyinin təqdim etdiyi mükafat mənim ölkə hüdudlarından kənarda qurduğum yolun, əməyin və əzmkarlığın dəyərləndirilməsidir.
Bu mükafat mənim üçün həm böyük şərəf, həm də öhdəlikdir — çünki parlaq idmançıların çoxluq təşkil etdiyi güclü rəqabətdə tanınmağın asan olmadığını bilə-bilə daha böyük və daha yaxşı nəticələrə can atmaqla bu etimadı doğrultmalıyam.
Bu mükafatı Cetinyedə mənə ilk addımları öyrədən məşqçilərim - Nikola Nino Milanoviç və Marko Markoviçə, eləcə də hər şeyin təməli olan ailəmə həsr edirəm. Böyük yollar çox vaxt palçıqlı meydanlardan başlayır və həmin başlanğıclar olmasaydı, bugünkü nəticələr də olmazdı.
Şəhərimizi və dövlətimizi təmsil etdiyim bu yolda daha yaxşı nəticələrin davam edəcəyinə ümidlə, mer Nikola Djuraşkoviçə də dərin təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, “Plaketa Prijestonice Cetinje” (Çetinye tarixi paytaxtının plaketi və ya Monteneqronun tarixi paytaxtı Çetinyenin plaketi) adlanan bu fəxri mükafat rəhbərlik tərəfindən şəhərin inkişafında müstəsna xidmətlər göstərmiş şəxslərə təqdim olunur.
Marko Yankoviç 2022-ci ildən formasını geyindiyi "Qarabağ"da 80-dən çox oyun keçirib, 3 dəfə Azərbaycan çempionu və 1 dəfə kubokun qalibi olub.

