"Neftçi" QAYIDIR - Fasilədən sonra daha fərqli komanda görəcəyik
Samir Abasovun caynağından qurtulan "Neftçi"də üzlər gülür.
Birləşmiş Ərəb Əmirliklərində baş tutan təlim-məşq toplanışını pozitiv notlarla yekunlaşdıran "ağ-qaralar" bəlkə də çoxlarının artıq illərdir gözlədiyi komandaya çevrilmək üzrədir.
"Portu" və Kamerun millisində tarixə düşmüş Vensan Abubakar kimi dünya səviyyəli ulduz futbolçunun əsas planda yer almadığı hazırlıq mərhələsi əslində müsbət məqamlara işarədir.
Ukraynalı Yuri Vernidubun sərəncamına verilən komandada canlanma, istək, həvəs aşkar görünür. Samir Abasovun 6 aya bir "11-lik" formalaşdıra bilmədiyi heyətin üzvləri arasında bugünkü rəqabət qarşıdakı dönəmə konkret nikbin baxmağa əsas verir.
Murad Məmmədov kimi istedadlı gəncə Allahın 2-3 dəqiqəsini qıymayan Abasovdan fərqli, Vernidubun işə peşəkar yanaşması sayəsində məhz gənc azərbaycanlı Əbu-Dabi toplanışının ulduzu oldu, belə demək mümkünsə.
Məşqçilərin təbirincə, yoxlama oyunlarındakı nəticələr əhəmiyyət daşımasa da, məncə, yanlış söhbətdir. 3 sınaq matçının hamısında uduzan komandanı psixoloji cəhətdən rəsmi görüşə hazırlamaq asandır, yoxsa qələbə əhval-ruhiyyəli kollektivi?
Bu mənada da "Neftçi"də üzlərin güldüyü təsadüfi deyil.
Faktiki komandanın heyəti və potensialı Premyer Liqanın qalan hissəsində yüksək yer uğrunda mübarizə aparmağa yetərlidir. "Neftçi" 3-cü yerdən cəmi 8 xal geri qalır. 20-dən çox çempionat oyununun olduğunu nəzərə alsaq, bu fərq heç nədir.
Odur ki, bütün pozitiv məqamlardan maksimum istifadə etməli olan komandanın çempionata əlavə prinsipiallıq gətirəcəyini, ad-sanını bərpa etmək üçün ciddi addımlar atacağını proqnozlaşdıra bilərik.
Mediasport.com.az
