"Hər kəs vəziyyəti düzəltmək üçün əlindən gələni edir" - Mahir Emreli
"Çətin mövsüm keçiririk. Lakin klubdakı hər kəs vəziyyəti düzəltmək üçün əlindən gələni edir. Birlikdə çalışır, mübarizə aparırıq".
"Mediasport" xəbər verir ki, bu fikirlər Polşanın Yüksək Liqa təmsilçisi "Rakuv" klubunda çıxış edən Mahir Emreliyə məxsusdur.
Azərbaycan milli komandasının hücumçusu sosial şəbəkə hesabında komandasının son turda ev məğlubiyyəti haqda post paylaşıb.
"İlin son ev oyunu idi. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik.
Azarkeşlərimizə çətin anlarda göstərdiyi inanılmaz dəstəyə və sədaqətə görə təşəkkür edirik. Siz daha yaxşısına layiqsiniz”.
Xatırladaq ki, "Rakuv"un 16-cı turda "Piast"a uduzduğu (1:2) matçda meydan sahiblərinin yeganə qolunu Mahir vurub.
O, ümumilikdə Polşa çempionatında 16 oyun keçirib, 4 qolla yadda qalıb.
Çenstoxova klubunda icarə əsasında forma geyinən Emreli müqavilə ilə Almaniyanın 2-ci Liqa təmsilçisi "Kayzerslautern"ə məxsusdur.

