"Onu deyə bilərəm ki, əlimizdən gələnin maksimumunu edəcəyik"
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində sabah Bakıda qarşılaşacaqları “Dinamo” (Belarus, Minsk) ilə matçdan əvvəl keçirələn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Yaşıl meydanlardan kənarda da bir mübarizəniz var. Rəqibin haranı təmsil etdiyi məlumdur. Bu, sizin üçün xüsusi əhəmiyyət daşıyır?
- Bizimçün fərqi yoxdur. Arzum budur ki, “Neftçi” yubileyində ölkə çempionu olsun. Komanda buna layiqdir, böyük tarixi var. Bu hədəfə çatmaq üçün çalışacağıq. Konfrans Liqasında da əsas mərhələyə düşmək istəyirik. Bu turnirdə heç vaxt məşqçi kimi çalışmamışam. Mənim üçün də ilk təcrübə olacaq. Kifayət qədər hazırlaşmışıq. “Dinamo” ölkəsinin çempionudur və hazırda liqalarında ciddi rəqabət var. Bu, onlara bir az üstünlük verir. Əlimizdən gələni edəcəyik, çalışacağıq ki, mərhələ adlayacaq.
Heyətiniz çempionluq üçün yetərlidir?
- Transferlərə də baxırıq, işlər gedir. Əsas odur ki, heyətin özəyini qorumuşuq. 100 faiz yeni transferlər olacaq. Hazırda üç qapıçı və iyirmi oyunçumuz var. Bilirik ki, yeni futbolçuların da gəlməsi hədəflərə çatmağımıza kömək edəcək.
Potensial rəqibin “Braqa” ola biləcəyi sizin transfer planlarınızda dəyişiklik yaradacaq?
- Bu sual rəhbərliyə ünvanlanmalıdır. Komandanın özəyini saxlamışıq. Bəzi mövqelər var ki, oranı daha gücləndirmək lazımdır. Klub rəhbərliyi ilə daim danışırıq. Transfer məsələləri asan deyil. Elə oyunçular gəlməlidir ki, bizi gücləndirə bilsin.
Cütün favoriti kimdir?
- Çətin sualdır. Hər komanda özünü ən yaxşı hesab edir. Oyunun nəticəsinə əsasən deyə bilərik ki, kim favoritdir.
Uğurlu start üçün meydanda həlledici amil nə olacaq?
- Ən yaxşı oynayan komanda qalib tərəf olacaq. Öz adımdan onu deyə bilərəm ki, əlimizdən gələnin maksimumunu edəcəyik.
“Dinamo” I təsnifatın ilk turunda məğlub olsa da, cavab görüşündə qələbə qazanaraq mərhələ adladı. Minsklilərin ilk oyunda “Sileks”ə uduzması sizi təəccübləndirdi?
- Çətin oyun keçmişdi. “Sileks”in demək olar, 3 müdafiəçisi “qapı”nı bağlamışdı. Cavab görüşündə isə “Dinamo”nun bəxti gətirdi.
Sabah fərqli “Neftçi” görəcəyik?
- Gəlin sabahı gözləyək.
Hansı mövqelərə transfer istəyirsiniz?
- Bu məsələ məndə qalsın. Transferlər olanda görəcəksiniz.
Hədəflər böyükdür. Heyət keyfiyyətdən savayı, kəmiyyətdə də buna uyğun gəlir?
- Yeni transferlərdən razıyam. Kəmiyyət olaraq da sayın artmasına çalışırıq. “Neftçi”nin ən yaxşı oyununu göstərməyi üçün əlimizdən gələni edəcəyik.
Azarkeşlərin sizdən gözləntiləri böyükdür. “Şerif”də işləyən zaman da “Braqa”ya qalib gəlmişdiniz. Bu, sizdə təzyiq yaratmır?
- Düzü, təzyiqi hiss etmədim. Azarkeşlərin tələbkar olması normaldır. Sən yaxşı olanda hər kəs səni sevir.


