"Çempion olduğumuz üçün şadıq, uşaqların əziyyəti yerdə qalmadı"

"Çempion olduğumuz üçün şadıq, uşaqların əziyyəti yerdə qalmadı"

"Turnir çox maraqlı, gərgin keçdi. Belə bir yarışın keçirilməsi çox yaxşı oldu. Çempion olduğumuz üçün şadıq, uşaqların əziyyəti yerdə qalmadı. Mənimçün ən vacibi budur. Çempionluq, qalibiyyət onların zəhmətinin bəhrəsidir".

Bu sözləri "Mediasport"a açıqlamasında "Qarabağ"ın U-14 komandasının baş məşqçisi Elçin Rəhimli deyib.

Gənc mütəxəssis "Sabahın ulduzları" Bakı Kuboku haqda təəssüratlarını bölüşüb, çempionluq barədə fikirlərini paylaşıb:

"Əvvəlcə onu deyim ki, yarış yüksək səviyyədə təşkil edilmişdi. Fikrimcə, bu turnir Azərbaycan futboluna çox faydalı olacaq.

Çünki uşaqlarımız xeyli inkişaf etdilər, həftədə iki dəfə oynamaqla daha çox təcrübə qazandılar.

Yarış həyəcanını, atmosferini yaşaya bildilər. Adətən xarici yarışlarda belə olur.

Belə turnirlərin Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarına futbolçu seçmək baxımından da əla şərait yaratdığını düşünürəm. Əsas milliyə, A komandalarımıza buradan çox uşağın yolunun açılacağına inanıram.

Ona görə bu cür yarışların keçirilməsi uşaqlar üçün çox vacibdir. Nə qədər çox belə yarış olsa, Azərbaycan futbolu yeni-yeni oyunçular qazanar, futbolumuz daha yaxşı inkişaf edər".

O, "Qarabağ"ın U-14 komandasının çempionluğunu belə şərh edib:

"Bəzən hava isti oldu, bəzən yağış yağdı, bəzən uşaqlar yoruldular - amma təslim olmadılar. Sonadək mübarizə aparıb çempionluğu öz zəhmətləri ilə qazandılar. Özüm də gənc məşqçi kimi ilk belə uğuru qazandığıma görə sevincliyəm.

Əminəm ki, bu turnirdə oynamaq, çempionluq onların gələcək karyeralarına, inkişaflarına yaxşı mənada birbaşa təsir edəcək. Təşkilatçılara təşəkkürümü bildirirəm, gözəl yarış oldu".

Elçin Rəhimli "Qarabağ" rəhbərliyinin, əsas komandanın baş məşqçisi Qurban Qurbanovun onları təbrik etdiyini, bugünlərdə əsas komanda üzvləri ilə görüş olacağını bildirib:

"Elə həmin gün akademiyamızın koordinatoru Avtandil Hacıyev paltardəyişmə otağına gəlib hamımızı təbrik etdi, uşaqların sevincinə şərik oldu. Eyni zamanda onlara ikiqat bayram sevinci yaşadaraq dedi ki, komandanı Avropa turnirlərindən birinə göndərəcəklər. Uşaqların bayramı bayrama qarışdı, əla motivasiya oldu bu xəbər.

Həmçinin, Qurban Qurbanovun təbriklərini uşaqlara çatdıraraq qeyd etdi ki, yaxın günlərdə əsas komanda ilə görüş olacaq. Bilirsiniz, A komandanın bir çox üzvü millilərinin heyətindədirlər. Komanda tam toplaşandan sonra yəqin ki, bizimlə görüşəcəklər".