"Qurban Qurbanov rəqibə görə heyət seçmir" - AÇIQLAMALAR

"Qurban Qurbanov rəqibə görə heyət seçmir" - AÇIQLAMALAR

"Qarabağ" dekabrın 10-da UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Niderlandın "Ayaks" klubunu qəbul edəcək.

"Mediasport" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç Ağdam təmsilçisi üçün qitənin ən nüfuzlu turnirinin növbəti mərhələsinə vəsiqə qazanması baxımından vacib olacaq.

"Teleqraf" agentliyi qarşılaşmanın marağını nəzərə alaraq "Qarabağ"ın sabiq futbolçuları Rauf Əliyev, Əfran İsmayılov və Elvin Məmmədovdan oyunla bağlı fikirlərini öyrənib.

Ağdam təmsilçisinin sabiq hücumçusu Rauf Əliyev "atlılar"ın qələbəsinə inandığını söyləyib:

"Rəqib yaxşı günlərini yaşamır. Amma "Ayaks"ın adı var, onlar köklü klubdur. Bakıya qələbə üçün gəlirlər.

Amma "Qarabağ" həm yaxşı formada olduğu, həm də doğma azarkeşləri qarşısında oynayacağı üçün daha üstün tərəfdir.

Bu oyunda baş məşqçi Qurban Qurbanovun ciddi dəyişiklik edəcəyinə inanmıram. O, rəqibə görə heyət seçmir. Komandanın öz üslubuna sadiq qalacağını düşünürəm".

Əfran İsmayılov isə "Ayaks"ın "Qarabağ" üçün ən uyğun rəqib olduğunu bildirib:

"Həm evdə oynadığımız, həm də onların formada olmamalarına görə belə düşünürəm. Komandamızın ən yaxşı oyununu oynayacağına inanıram. Rəqibin xalı olmadığına görə bu oyuna maksimum istəklə çıxacaq.

"Qarabağ" hər şeyi kənara qoyaraq öz oyununu oynamalıdır. Qələbə qazansaq, növbəti mərhələ şansımızı 80-90% təmin etmiş olacağıq. 10 xalla keçə bilərik, amma 11 xal məncə, bizi 100% pley-offa aparacaq.

Heyətə gəlincə, məncə, hücum xəttinin mərkəzində oyuna Kamilo Duran başlamalıdır. O, "Qarabağ"ın sisteminə daha uyğun gəlir. Top almağı və aparmağı, eləcə də bitiriciliyi yaxşıdır.

Amma Nəriman Axundzadə də ondan geri qalmır. O, son oyunlarda vurduğu qollarla formada olduğunu sübut edib. Matçın gedişatında Nəriman da meydana daxil olaraq öz töhfəsini verə bilər.

Matça hesab təxminim "Qarabağ"ın 2:1 hesablı qələbəsidir".

Elvin Məmmədov da "Ayaks"ın bu oyunda "Qarabağ"a qarşı daha ciddi hazırlaşacağını vurğulayıb:

"İnanıram ki, komandamız qələbə qazanaraq azarkeşləri sevindirəcək. "Qarabağ" göstərir ki, hər rəqib üçün başağrısı ola bilir.

"Ayaks"ın vəziyyəti də hazırda yaxşı deyil. Amma indi "Qarabağ"a qarşı daha ciddiyyətlə hazırlaşırlar. Bunu "Napoli" də belə etmişdi.

Məncə, bu oyunda qazanılacaq qələbə komandamız üçün bəs etməyəcək. Əlavə bir xal da əldə etsək, növbəti mərhələyə yüksələ biləcəyik".

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı saat 21:45-də start götürəcək.