Yaponiyalı professor millilərin məşqçiləri üçün seminar keçirdi

 Yaponiyalı professor millilərin məşqçiləri üçün seminar keçirdi

Azərbaycan Güləş Federasiyasının (AGF) dəvəti ilə Yaponiyanın Nippon İdman Elmləri Universitetinin (NSSU) professoru Masamitsu İtonun iştirakı ilə güləş üzrə milli komandaların məşqçiləri və tibbi personalı üçün seminar təşkil olunub.

Bu barədə "Mediasport"a AGF-nin mətbuat xidmətindən məlumat verilib.

Seminarda idmançıların hazırlıq prosesində müasir pedaqoji və psixoloji yanaşmaların tətbiqi, məşqçilərin peşəkar inkişafı, eləcə də yüksək nəticələrin əldə olunmasında şüurlu öyrənmə və özünüanaliz metodlarının rolu müzakirə edilib.

Masamitsu İto təqdimatında ənənəvi mühazirə əsaslı təlim metodlarından fərqli olaraq, məşqçi təhsilində interaktiv, praktiki və təhlilə əsaslanan yanaşmaların əhəmiyyətini vurğulayıb.

O, Paris Yay Olimpiya Oyunlarının qızıl medalçılarının hazırlıq təcrübəsindən və bu istiqamətdə aparılmış elmi-praktiki müşahidələrdən nümunələr təqdim edib.

Bildirilib ki, yüksək nəticələr əldə edən idmançıları fərqləndirən əsas xüsusiyyətlərdən biri onların məşq prosesinə şüurlu yanaşması, öz fəaliyyətlərini təhlil etməsi və qəbul etdikləri qərarların mahiyyətini dərk etməsidir.

Bu baxımdan, gənc olimpiya çempionu Rey Hiquçinin təcrübəsi diqqətə çatdırılıb.

Paris-2024-də 57 kq-da qızıl medal qazanan sərbəst güləşçinin hər məşqdən sonra düşüncələrini və məşqçilərin qəbul etdiyi qərarları səs yazısı vasitəsilə qeydə alaraq təhlil etməsi özünüqiymətləndirmə və fərdi inkişaf üçün nümunə kimi təqdim olunub.

Seminarda məşqçinin müasir dövrdə dəyişən rolu da xüsusi vurğulanıb.

Qeyd olunub ki, məşqçi yalnız texniki göstərişlər verən şəxs deyil, eyni zamanda idmançını müstəqil düşünməyə, düzgün qərarlar qəbul etməyə və öz səhvlərindən nəticə çıxarmağa istiqamətləndirən mentor olmalıdır.

Bunun üçün idmançıya hazır cavablar təqdim etmək əvəzinə, düzgün suallar vasitəsilə onun təhlil və qərarvermə bacarıqlarının inkişafına şərait yaradılması vacibdir.

Tədbirin praktiki hissəsində iştirakçılar açıq və qapalı suallara əsaslanan interaktiv komanda oyunlarında iştirak ediblər.

Bu çalışmalar vasitəsilə məşqçilərin ünsiyyət, sualvermə və idmançıları düşünməyə təşviq etmə bacarıqlarının inkişafına yönəlmiş metodlar əyani şəkildə nümayiş etdirilib.

Seminarın keçirilməsi Azərbaycan güləşində elmi yanaşmaların məşq prosesinə inteqrasiyası, məşqçi heyətinin beynəlxalq təcrübə ilə tanış olması və peşəkar biliklərinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

100-dən artıq yaşı olan dünyanın qabaqcıl idman təhsil müəssisələrindən biri sayılan NSSU-nun professorunun təcrübəsinin milli komandaların məşqçiləri və tibbi personalı ilə bölüşülməsi hazırlıq prosesinin müasir tələblərə uyğun təkmilləşdirilməsinə, idmançıların fərdi potensialının daha dolğun üzə çıxarılmasına və beynəlxalq arenada rəqabət qabiliyyətinin yüksəldilməsinə töhfə verəcək.

Azərbaycan Güləş Federasiyası bu kimi təşəbbüslərlə ölkə güləşində elmi-praktiki biliklərin tətbiqini genişləndirməyi, beynəlxalq əməkdaşlığı gücləndirməyi və müasir tələblərə cavab verən məşqçi mühitinin formalaşdırılmasını hədəfləyir.