"Sabah"da maliyyə böhranı var? - 4 aydır maaşlar ödənilmir
"Sabah"da uzun müddətdir maaş böhranı yaşanır.
Problem əsasən klubun fəaliyyət dairələrindən akademiya hissəsinə aiddir.
Artıq dörd aydır ki, burada çalışan funksionerlərin, məşqçi və texniki heyətin əməkhaqları ödənilmir.
Bu barədə düşərgədən redaksiyamıza məlumat verilib.
Saytımızla əlaqə saxlayan əməkdaşlar sonuncu dəfə may ayının məvaciblərini aldıqlarını deyiblər. Onların sözlərinə görə, problemin nədən qaynaqlandığını bilmirlər, çünki hərənin ağzından bir avaz gəlir.
Bu səpgidə indiyədək bir neçə toplantı keçirilib, müxtəlif vədlər verilib, di gəl, onun həlli istiqamətində real addımlar atılmayıb, eşitdikləri yalnız "bu gün-sabah"dır.
Şikayətçilər qeyd edib ki, ötən 2 ilin müvafiq dövründə də maaş sıxıntısı yaşanıb, amma problem bu qədər uzunmüddətli olmayıb.
Keçən illərdə əməkhaqları uzaqbaşı 2 ay yubansa da, hazırda bu müddət dörd ayı ötüb.
Yaranmış qeyri-müəyyənliyin nəticəsi olaraq bəzi məşqçilər və işçilər buradan ayrılmaq məcburiyyətində qalıb.
Sportinfo.az

