FİFA-dan AFFA-ya təşəkkür gəldi

 FİFA-dan AFFA-ya təşəkkür gəldi

FİFA Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) 22–30 oktyabr 2026-cı il tarixlərində ölkəmizdə keçirilmiş U-15 dünya çempionatı və festivalında hakimliyin yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.

"Mediasport" xəbər verir ki, beynəlxalq futbol qurumunun Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanın AFFA-nın baş katibi Cahangir Fərəcullayevə ünvanladığı rəsmi məktubda hakimliyin yüksək standartlara uyğun təşkil edilməsi və oyunların peşəkar səviyyədə idarə olunması yüksək qiymətləndirilib:

“Belə mühüm tədbirin uğurla həyata keçirilməsi yalnız peşəkar hazırlıq, yüksək təşkilatçılıq bacarığı və fədakar komanda işi sayəsində mümkün olmuşdur.

Bu baxımdan, AFFA-nın Hakimlər Komitəsi və Hakimlər Departamentinin göstərdiyi səyləri xüsusi qeyd etmək istəyirik”.

Məktubda Pyerluici Kollina hakimliyin təşkili və oyunların idarə olunmasında iştirak edən bütün AFFA əməkdaşlarına, xüsusilə də azərbaycanlı futbol hakimlərinə yarışın uğurla keçirilməsinə verdikləri əvəzsiz töhfəyə görə təşəkkür edib.

Qeyd edək ki, DÇ-nin oyunlarında ümumilikdə 86 hakim iştirak edib ki, onlardan 80-i Azərbaycan, 3-ü Gürcüstan, 3-ü isə Türkiyə təmsilçisi olub.