"Daha yaxşı komanda qura, nəticələrimizi inkişaf etdirə bilərik"

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev yeni müqavilə imzalaması ilə bağlı fikirlərini bölüşüb.
"Mediasport" xəbər verir ki, mütəxəssis rəhbərliklə danışıqların uğurlu alındığını deyib.
O, təklif olunan şərtlər qaneedici olduğu üçün yeni müqaviləyə imza atdığını vurğulayıb:
“Rəhbərliklə görüşdük, həm başa çatan mövsümü müzakirə etdik, həm də yeni "futbol ili" ilə bağlı fikirlərimizi bölüşdük. Danışıqlar uğurlu alındı və “Araz-Naxçıvan” layihəsində işimi davam etdirmək qərarına gəldim. Daha yaxşı komanda qura, nəticələrimizi inkişaf etdirə bilərik.
Komanda başa çatan mövsümdə həqiqətən böyük iş gördü. Çətinliklərə baxmayaraq, tarixində ilk dəfə medalçılar sırasına düşdü, avrokuboklarda oynamaq imkanı qazandı. Ortaq məxrəcə gəldik ki, bu uğurlu qrafiki birgə davam etdirək. Şərtlər qane etdiyinə görə yeni müqavilə imzaladıq".
E.Baxşıyev komandanın hazırlıq planına toxunub:
"Əlbəttə, bizi daha çətin və məsuliyyətli bir "futbol ili" gözləyir. Artıq planlar məlumdur. Komanda 2 mərhələdən ibarət hazırlıq keçəcək.
Əvvəlcə Bakıda toplaşacağıq. Həmin vaxta qədər komandanı komplektləşdirməyə çalışacağıq. Heyətimizdə dəyişikliklər olacaq. Ayrılanlarla bərabər, yenilər də gələcək. Bununla bağlı zamanla məlumat veriləcək.
Axtarışlarımız başlayıb. Türkiyədə isə yoxlama oyunları keçirməklə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Sınaqçı-rəqiblərimiz qarşıdakı günlərdə məlum olacaq”.
Qeyd edək ki, "Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünü üçüncü pillədə bitirərək UEFA Konfrans Liqasına vəsiqə qazanıb.