Təmsilçilərimizin avrokubok oyunlarının başlama saatları
Avrokuboklarda Azərbaycanı təmsil edəcək "Sabah", "Qarabağ" və "Zirə"nin oyunlarının başlama saatları açıqlanıb.
"Mediasport" xəbər verir ki, ölkəmizi qitənin birinci dərəcəli klub turnirində təmsil edəcək "Sabah"ın TNS (Uels) ilə ilk matçı iyulun 7-də, saat 20:00-da Bakıda baş tutacaq.
Cavab oyunu 1 həftə sonra - iyulun 14-də İngiltərənin Osvestri şəhərində saat 21:30-da keçiriləcək.
Avroliqadakı təmsilçimiz "Qarabağ"ın "Vestri" (İslandiya) klubu ilə ilk oyununun iyulun 9-da, saat 20:00-da Bakıda keçirilməsi nəzərdə tutulub.
Cavab görüşü iyulun 16-da Reykyavikdə keçiriləcək. Duel Bakı vaxtı ilə iyulun 17-si, saat 00:00-da start götürəcək.
Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Zirə" "Torpedo" (Kutaisi, Gürcüstan) ilə iyulun 8-də Sumqayıtda saat 20:00-da üz-üzə gələcək.
Cavab matçı iyulun 16-da Kutaisidə keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xatırladaq ki, mübarizəyə Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən başlayacaq "Neftçi"nin oyunlarının başlama vaxtı açıqlanmayıb.


