Sabah sizsiniz, ya "Şamaxı"?

2017-ci ildə əsası qoyulmuş "Sabah" Futbol Klubunun son illərdə maraqlı şüarı vardı - "Sabah bizik".
Oyunlardan əvvəl və sonra bu sloqan altında edilən paylaşımlar bütün sosial şəbəkələri bürüyürdü.
Axır vaxtlar çox da gözə dəymir. Deyəsən, reallığı qəbul etməyə başlayıblar ki, bu "Sabah" o sabahdan olana oxşamır.
Azərbaycan futbolu tarixində bəlkə də ən güclü və sabit maliyyə dayaqlarına, geniş imkanlara malik klub geridə qalan 8 il ərzində sayını itirdiyimiz qədər məşqçi dəyişib, stabilliyi gördüm deyən yoxdur hələ.
Hətta "Qarabağ" və "Neftçi", zamanında "Bakı", "Xəzər Lənkəran", "İnter" kimi imkanlı klublar maliyyə problemləri, çətinliklərlə üzləşiblər - "Sabah" bu mənada Azərbaycanın ən xoşbəxt komandasıdır.
Di gəl, sabahımız üçün verilən bəh-bəhli vədlərin icrası bir yana, komanda illərdir qeyri-sabitlik şakərindən qurtula bilmir.
Təkcə sırf büdcəsinə görə özündən azı 3 dəfə zəif "Şamaxı" ilə aradakı son 5 matçın statistikasına baxın, nə qədər haqlı olduğumuzu görəcəksiniz: "Şirlər" 5 oyunun 3-nü qazanıb, 1-də heç-heç edib.
Karyerasında ilk baş məşqçiliyini "bayquşlar"da edən Vasili Berezutski bölgə klubu ilə keçirdiyi hər iki görüşdə meydandan məğlub ayrılıb.
"Sabah"ın idarəetməsi-strukturu, yanlış trayektoriyası haqda dastan da bağlamaq olar. Çi fayda?
Faktiki sabahımız budursa, vay futbolumuzun halına...
AYXAN