2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü qeyd olunur

2 iyul dünyada Beynəlxalq İdman Jurnalistləri Günü qeyd olunur

Hər il iyulun 2-si dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur.

Bu tarix idman mediasının inkişafında mühüm rol oynayan jurnalistlərin əməyinə hörmət və ehtiramın ifadəsi hesab edilir.

Beynəlxalq İdman Jurnalistləri Gününün qeyd olunması təsadüfi deyil.

Məhz 1924-cü il iyulun 2-də Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının yaradılması barədə qərar qəbul olunub.

Sonrakı illərdə həmin tarix dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən idman jurnalistlərinin peşə bayramına çevrilib.

Bu gün idman jurnalistikası artıq təkcə yarışların nəticələrini çatdırmaq missiyasını daşımır. Müasir idman mediası milyonlarla azarkeşlə idmançılar, məşqçilər, federasiyalar və klublar arasında körpü rolunu oynayır.

İdman jurnalistləri stadionlardan, arenalardan və müxtəlif yarış məkanlarından operativ məlumatlar təqdim etməklə yanaşı, hadisələrin görünməyən tərəflərini də ictimaiyyətə çatdırırlar.

Rəqəmsal texnologiyaların sürətli inkişafı idman jurnalistikasının da simasını dəyişib. Əgər əvvəllər xəbərlərin yayılması üçün saatlar, bəzən isə günlər tələb olunurdusa, bu gün məlumatlar saniyələr içində dünyanın istənilən nöqtəsinə çatdırılır.

Video reportajlar, canlı yayımlar, podkastlar və sosial media platformaları idman jurnalistikasının imkanlarını daha da genişləndirib.

Azərbaycan idman jurnalistikası da son illərdə əhəmiyyətli inkişaf yolu keçib. Yerli media nümayəndələri beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir, Azərbaycan idmanının uğurlarını dünya ictimaiyyətinə çatdırırlar.

Xüsusilə son illərdə ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq yarışlar idman jurnalistlərinin peşəkar fəaliyyətinə yeni imkanlar yaradıb.

Beynəlxalq İdman Jurnalistləri Günü həm də peşənin qarşısında duran çağırışları dəyərləndirmək, təcrübə mübadiləsi aparmaq və gələcək hədəfləri müəyyənləşdirmək üçün əlamətdar tarixdir.

Bayramımız mübarək, dəyərli həmkarlar!

Mediasport.com.az