Səssizcə gedən, amma yaddaşlarda qalan adam...

SƏSSİZCƏ GEDƏN, AMMA SƏSİ YADDAŞLARDA QALAN ADAM...
... - yaşasaydın, 51 yaşını qeyd edəcəkdik.
Bəzən bir səs bir millətin yaddaşına hopur. Bəzən bir adam bütün sahənin simasına çevrilir. Azərbaycanda idman jurnalistikası deyiləndə illərdir ki, ilk yada düşən adlardan biri - bəlkə də birincisi Elnur Əşrəfoğludur. O, təkcə xəbərləri çatdırmırdı, o, idmanı diri tuturdu, yaşadırdı.
Səsiylə, sözləri, enerjisi, məharəti, bilikləri və quyu kimi dərin yaddaşı ilə...
Beynəlxalq münasibətlər ixtisasını bitirsə də, onu bu torpağın taleyi başqa yola yönəltdi. 1990-cı illərin ortalarında “525-ci qəzet”də jurnalist olaraq ilk peşəkar addımlarını atanda heç kim bilmirdi ki, bu gənc oğlan bir gün Azərbaycanın idman səhnəsinin ayrılmaz nəfəsinə çevriləcək.
AzTV-də işlədiyi illərdə - qurdlar dərəsində 1993-2009 aralığında sadə müxbirdən baş redaktorluğa qədər yüksəlmək, özü ilə birgə tam bir məktəb gətirmək hər kəsin bacaracağı iş deyildi. O, Azərbaycan televiziyasında idman jurnalistikasının konturlarını dəyişdi, elə etdi ki, efir, sadəcə, “danışmırdı", hiss etdirirdi
Yaxşı xatırlayıram, Elnur üçün idman bir həyat tərzi idi. Sadəcə jurnalistika yox, hər sahədən xəbəri vardı, amma futbola gəldikdə… orda başqa bir qığılcım olurdu gözündə. Özü də yaxşı futbol oynayırdı, meydanda olanı yaxşı bilirdi, yaxşı hiss edirdi. Ona görə də şərhləri boş söz yığını deyil, daxili təcrübənin ekranda dilə gələn formasına çevrilirdi.
Bir sirr açım, bəlkə də heç yerdə eşitməmisiz, 1995-ci ildə Azərbaycanın milli komandası ilk rəsmi oyunlarına çıxmışdı İsraildə. AFFA prezidenti Fuad Musayevin, o vaxt hər kəsdə olmayan mobil telefonu ilə o canlı reportaj etmişdi. Hələ mobil rabitənin adının belə çətin çəkildiyi illərdə ha!
Qeyri-adi şəraitdə qeyri-adi qərarlar vermək və bunu etmək vərdişə çevrilmişdi onda. Buna həm cəsarət, həm də peşəkar fədakarlığın örnəyi deyə bilərik...
O, elə həmin illərdə Olimpiya oyunlarında Azərbaycanı bir jurnalist kimi təmsil edən ilk peşəkarlardan biri oldu. Hər yay, hər qış olimpiadalarında canlı bağlantılarla, səslə nəfəs ötürürdü bizə bu qələbə xəbərlərindən.
Video-reportajları o qədər çoxdur ki, bəlkə də qızıl dəyərində olan bir video arxiv qalıb Elnurdan. Olimpiadalarda ilk qızıl medal xəbərini də ondan eşidirdik, milli qüruru onun səsində hiss edirdik.
Deyirlər, jurnalistin dəyəri onun yaratdıqları ilə ölçülür. Elnurun isə, sadəcə, verilişləri yox, baxış bucağı vardı. Onun ideyası idi AzTV-də ayrıca bir "İdman" kanalının yaradılması.
O, bu ölkəyə “Sport Digest” kimi dinamik, cəlbedici və adamı ekrana bağlayan proqramlar gətirdi. Hər verilişində başqa bir nəfəs, başqa bir hekayə, başqa bir nağıl vardı.
Sənətkar ruhu vardı Elnurda. Hisslərilə yazırdı. Bəzən sətirlərində bir az melodiya, bəzən şərhlərində bir az poeziya, bir az nostalji duyulurdu. Yaradıcılığına səmimiyyət sinmişdi. Onun sənədli filmləri - “Zirvəyə doğru”, “Afina-2004”, “Sehrbaz”, “Professor” və daha neçə-neçəsi - təkcə informativ yox, estetik yaddaşın da bir hissəsinə çevrilmişdi.
O, sadəcə bizim jurnalist deyildi. Dünya idman ailəsinin də bir üzvü idi. Del Pyero, Cerard, Messi ilə, hətta Maradona ilə, dünya futbolunun, idmanın başqa canlı əfsanələri ilə çəkilmiş fotoları, görüşləri sadəcə nostalji deyil - bu, Elnurun bizim adımızı, jurnalistikamızı, varlığımızı qlobal səhnəyə necə daşıdığının sübutudur.
Elnur Əşrəfoğlunun futbol sevgisi təkcə şərhlərlə və müsahibələrlə kifayətlənmirdi. Onun öz futbol komandası vardı. Jurnalistlər arasında tez-tez keçirilən futbol turnirlərində onun kapitanlıq etdiyi komanda. Zəif də deyildilər. Bu komanda adi bir adla yox, "Xürrəmi" adı ilə çıxış edirdi. Bu isə təsadüfi deyildi.
Elnurun anası tərəfdən gələn Ərdəbil kökü, Güney Azərbaycana olan sevgi, bütöv bir Azərbaycan arzusu onun şüuruna, ruhuna o qədər hopmuşdu ki, komandasına belə bir ad vermək onun üçün həm fəxarət, həm vətəndaşlıq mövqeyi idi. “Xürrəmi” adı Elnurun millilik, dirəniş və azadlıq ruhunu təcəssüm etdirirdi.
Elnur təkcə Azərbaycanın deyil, regionun da tanınan idman jurnalistlərindəndi. Onun fəaliyyət çevrəsi təkcə Bakı ilə məhdudlaşmırdı. Moldova Jurnalistlər Birliyinin rəsmi üzvü idi və Moldovanın keçmiş prezidentinin oğlu ilə yaxın dostluq münasibətləri vardı. Hətta jurnalistlər arasında keçirilən dünya çempionatında Moldova jurnalistlərinin yığma komandasının heyətində oynayaraq dünya çempionu da olmuşdu. Bu, Elnurun yalnız istedadlı jurnalist deyil, həm də istedadlı futbolçu olduğunu sübut edən faktlardan yalnız biridir.
Elnur bu qısa ömründə Dövlətin "ən yuxarı" eşalonlarında da hörmət və sevgi qazanmış vətənsevər idi. O, yalnız xalqın deyil, dövlətin də diqqətində olan simaya çevrilə bilmişdi. Həmin illərdə Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində çalışan dövlət başçısı İlham Əliyev və onun xanımı Mehriban Əliyeva Elnur Əşrəfoğluna dərin hörmət və sevgi ilə yanaşırdılar. Bunu hər fürsətdə görmək olurdu.
Hər iki şəxsin təşəbbüsü ilə Elnur Azərbaycanın Yay və Qış Olimpiya Oyunlarında jurnalist təmsilçisi olmuş, dünya mətbuatı arasında ölkəmizi layiqincə təmsil etmişdi. Bu, sadəcə peşəkarlığa verilən qiymət deyildi - bu, insani keyfiyyətlərə, dürüstlüyə və millətpərvərliyə verilmiş bir dəyər idi.
Mübaliğəsiz deyirəm: Elnur həm də milli ruhun təcəssümü idi. Onu, sadəcə, bir jurnalist kimi xarakterizə etsək, doğru olmaz, çünki o, tam anlamıyla milli bir adamıydı. Təəssübkeş idi, içində xalqına, millətinə qarşı yanan bir eşq vardı. Təkcə yazan, danışan yox, həm də təşəbbüs göstərən, addım atan, yol açan adamıydı.
Civə kimi idi, bir yerdə durmaq, sakit dayanmaq ona yad idi. Daim hərəkətdə, daim axtarışda, daim yenilik axtaran bir ideya motoru kimi düşünün. Onca işin arasında bir də "Olimpiya.az" adlı internet portalını yaratması onun bu təşəbbüskar və qabaqcıl təbiətinin bariz nümunəsidir.
Soy-kökündə azadlıq yanğısı isə ona anadan genetik miras qalmışdı. Elnur Əşrəfoğlunun içindəki vətən sevgisinin, millət eşqinin haradan gəldiyini anlamamaq mümkün deyildi. Əsli-kökü özü qədər maraqlı və mənalı idi.
Anası Güney Azərbaycandan idi. Ana babası Əliağa Həyati isə bir vaxtlar Güney azərbaycanlıların milli-azadlıq mübarizəsinin öncüllərindən olmuş, Seyid Cəfər Pişəvərinin inqilabi hərəkatında fəal iştirak etmişdi. Atası Əşrəf dayının nəsil-kökü isə qədim Ordubada dayanırdı, amma Elnur üçün doğma ocaq, müqəddəs ünvan, təbii ki, Zəngilanın Vənətli kəndi idi. Hər oturanda Zəngilanı, Vənətli kəndini xatırlamasa olmurdu. Nisgilli idi.
Həm bu genetik yaddaş, həm ailədən gələn milli ruh onu Azərbaycanın taleyinə biganə buraxmırdı. Azərbaycanın uğuru, dirçəlişi onun üçün sanki şəxsi məsələyə çevrilmişdi.
Və bəlkə də ən acısı - o, çox istədiyi Zəngilanın azad olunması xəbərinə sevindi, amma oranı gedib görə bilmədi. Zəngilan onun qəlbində bir yaralı xatirə kimi qaldı. Bəlkə də zarafat idi, fəqət bir gün orada Olimpiya Kompleksi tikilərsə, adına qoyulsun istəyirdi. Zalım kovid virusu onu da bizdən aldı apardı. Elnur evdən yox, eldən gedən bir oğul oldu. 2021-ci ilin payızında...
...səsini itirdik. Səsini yox e, nəfəsini!
Elnur ekran adamından çox, İnsan idi. Dost idi. Zarafatı şirin, danışığı ürəyə yatan, qapısı açıq, könlü geniş bir İnsan. Bəlkə də elə buna görə sağlığında minlərlə adamın həyatına toxundu. Kiminsə çörək tapmasına səbəb oldu, kiminsə yolunu işıqlandırdı. Amma…
...təəssüf ki, zaman dəyişdi, insanlar onu da unutdu. Elnurun qəbri qarşısında dayanmayan, yasına gəlməyən, bir başsağlığı belə verməyənlər oldu. Halbuki o, heç kimə arxa çevirməmişdi sağlığında.
Elnur Əşrəfoğlunun bu dünyadan getməsi ilə böyük bir boşluq yaransa da, ondan geriyə təkcə xatirələr deyil, həm də gələcəyə ümid olan iki dəyərli övlad - iki gül balası yadigar qaldı. Qızı Zöhrə Elnurqızı, bu gün Azərbaycan Dövlət İqtisad Universitetində ikinci kurs tələbəsidir. Əlaçı tələbədir, atasının adını daim uca tutmağa çalışır.
Oğlu Mətin Elnuroğlu isə, atasının yolunu davam etdirmək, onun kimi idman jurnalistikasında iz qoymaq arzusundadır. Futbolla məşğuldur, futbola olan sevgisi eynən Elnurda olduğu qədərdir - saf, həvəsli, dərin. Bu oğlan indi atasının xatirəsini özündə daşıyan bir ümiddir, onun davamçısıdır.
...Zaman bəzən insanları aramızdan alsa da, onları unuda bilmirik. Elnur Əşrəfoğlunun xatirəsini yaşatmaq üçün ailəsi, xüsusilə qardaşı Rəşad Əşrəfoğlu bir neçə sənədli filmin çəkilişinə təşəbbüs göstərib. Bu filmlərdə Elnurun idman jurnalistikası sahəsindəki həyat yolu, yaratdığı izlər və onun əbədi ruhu əks olunub. Hər bir səhnə, hər bir kadr onun həyat enerjisini, sevgi ilə gördüyü işini bir daha xatırladır.
Ötən il isə Elnurun 50 illik yubileyi münasibətilə qardaşı Rəşadın, yaxın dostlarının və idman ictimaiyyətinin təşəbbüsü ilə xatirə futbol turniri keçirildi. Bu turnirdə onunla çiyin-çiyinə çalışmış, onu sevən və dəyər verən insanlar iştirak etdilər. Elnurun sağlığında dostluq etdiyi şəxslərə xatirə hədiyyələri təqdim olundu, onun ruhuna dualar oxundu, adı sevgi ilə anıldı.
Rəşad Əşrəfoğlu özü də idmana və futbola yad adam deyil ha. Doğrudur, Kapital Bankda filial müdiri işləyir, amma onun da keçmişində idman jurnalisti olmaq kimi bir hekayəsi var. Üstəlik Rəşad yaxşı futbolçudur, qolyadordur, bu azmış kimi - hələ bir Kapital Bankın futbol komandasının kapitanıdır. Rəşad qardaşının bu dünyadan vaxtsız köçməsi ilə barışa bilməsə də, onu unutmamağın, yaşatmağın yolunu tapıb: “Elnur aramızdadır, bizimlədir,” deyir Rəşad, hər oturub-duranda, hər köks ötürəndə, hər dəfə qardaşını anarkən.
Həə... gəldik çıxdıq işin ən kövrək, incə yerinə.
Çoxları bilir, Azərbaycanda bəlli klubların xeyli azarkeşi, fanatı var. 90'lar uşaqları daha yaxşı xatırlayar, o zamanlar ən populyar klublar ya İtaliya, ya Almaniya, ya da qismən İspaniya klubları olardı, onların azarkeşləri çox idi. Lakin həmin vaxtlar kiməsə desən filankəs "Liverpul"un fanatıdır, adama gülərdilər. Amma yox, var idi belə bir fanat, belə bir azarkeş, adı da Elnur Əşrəfoğlu idi. O, sözün bütün mənalarında "Liverpool"un sadiq fanatı idi...
...“You’ll Never Walk Alone” deyirdi hər zaman, taleyin təzadına bax ki, heç dilindən düşmürdü bu sehrli şüar.
İndi isə biz deyirik: "You'll Never Walk Alone, Elnur!" - Sən Heç Vaxt Tək Deyilsən, Elnur!
Ruhun şad olsun, doğma Elnur! Azərbaycan idmanının səsi, nəfəsi, ruhu… sən həmişə bizimləsən! Əlbəttə, heç kim və heç nə unudulmur!..
Mirzə Rəşad Orbey