Yığmamız Dünya Kubokunun mərhələ yarışında 4-cü oldu
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan yığması Əlcəzairin Oran şəhərində keçirilən Dünya Kubokunun komanda yarışı mərhələsində 4-cü olub.
"Mediasport" xəbər verir ki, Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət kollektiv ilk görüşündə ABŞ seçməsini 45:43 hesabı ilə məğlub edərək "səkkizliy"ə yüksəlib.
Yığma yarımfinal yolunda Özbəkistan millisi üzərində də eyni hesabla qələbə qazanıb.
Lakin qılıncoynadanlarımızdan Palina Kaspiaroviç və Zərifə Hüseynovanın əvvəlki iki görüşün gedişində zədələnməsi səbəbindən sonradan komandamız gələcək çempion Macarıstan yığması ilə qarşılaşmaya çıxa bilməyib.
Beləliklə, sablyaçılarımız 21 kollektiv arasında 4-cü yeri tutublar.
Şəxsi yarışlara gəlincə, Anna Başta, Palina Kaspiaroviç və Səbinə Kərimova qrup mərhələsini uğurla adlasalar da, pley-off görüşlərində məğlub olaraq əsas mərhələyə yüksələ bilməyiblər.
Zərifə Hüseynova isə mübarizəni erkən dayandırıb.

