Joni Montiel: "Azərbaycanın ən böyük klubu olaraq, bilirəm ki, bizdən gözləntilər yüksəkdir"

Joni Montiel: "Azərbaycanın ən böyük klubu olaraq, bilirəm ki, bizdən gözləntilər yüksəkdir"

"Mediasport" “Qarabağ”ın futbolçusu Joni Montielin UEFA Çempionlar Liqasının pley-off mərhələsinin sabah “Nyukasl”la səfərdə baş tutacaq cavab oyunundan öncə keçirilən mətbuat konfransında səsləndirdiyi fikirləri təqdim edir.

– Düşünürəm ki, ilk oyunun birinci hissəsində bizə yaraşmayan şəkildə oynadıq. Fasilədən sonra daha yaxşı mübarizə apardıq. Birinci yarıda da belə oynamalıydıq. Bu yarışın səviyyəsi bəllidir. Düşünürəm ki, ilk oyununun ikinci hissəsindəki kimi oynasaq, yaxşı nəticə əldə edə bilərik.

Azərbaycana gələndə özünüzdən, komandadan gözləntiləriniz nələr idi?

- Açığı, Çempionlar Liqasının səviyyəsi məni təəccübləndirmədi. Hansısa oyunun asan keçdiyini xatırlamıram. Azərbaycanın ən böyük klubu olaraq bilirəm ki, bizdən gözləntilər yüksəkdir. Çalışdığımız qədər bunların qarşılığını verməyə çalışdıq.

Hansı mövqedə daha məhsuldar olacağınızı düşünürsünüz? Bəzən “10 nömrə”, bəzən vinger kimi oynayırsınız.

- Xoşbxətlikdən, tez adaptasiya olmaq kimi xüsusiyyətim var. Lakin özümü “10 nömrə” mövqeyində daha yaxşı hiss edirəm. Bu mövqedə oynayanda daha faydalı oluram. Ancaq digər mövqelərə də ehtiyac olarsa, oynamağa hazıram.