“Mingəçevir Reqatası-2026”nın 2-ci günündə 7 medal qazandıq

“Mingəçevir Reqatası-2026”nın 2-ci günündə 7 medal qazandıq

"Mingəçevir Reqatası-2026" beynəlxalq turniri davam edir.

"Mediasport" xəbər verir ki, ikinci yarış günündə Azərbaycan idmançıları 7 medal qazanıblar.

Azər İlyasov (2008-2009) akademik avarçəkmədə 1500 metr məsafədə rəqib tanımayıb.

500 metr məsafəyə 2 nəfərlik kayak yarışında (2008-2009) Nuran Rəhimli - Elvin Əliyev (2:03.43) tandemi 3-cü yeri tutublar.

Elmir Tarverdiyev - Mustafa Vəlizadə (2010-2011) cütlüyü 1000 metr məsafəyə 2 nəfərlik kayak yarışında gümüş medal əldə edib.

1000 metr məsafəyə 1 nəfərlik kanoe ilə yarışda (2008-2009) Hüseyn Səmədli (4:43.54) bürünc mükafatçı olub.

Akademik avarçəkmə üzrə 1500 metr məsafəyə 2 nəfərlik qayıqda Məhəmməd Həsənov - İlyas İbrahimov cütlüyü finişə üçüncü çatıb.

Bu növdə 1000 metr məsafəyə 1 nəfərlik qayıqda Əlimurad Hacızadə (2008-2009) çempionluq yaşayıb.

Xatırladaq ki, ötən gün Füzulidəki Köndələnçay su anbarında keçirilən ilk mərhələdə Azərbaycan idmançıları 4 medal qazanmışdılar.

2008–2009-cu il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə Əlimurad Hacızadə finiş xəttini birinci, Nuran Rəhimli ikinci keçib.

2010–2011-ci il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə Elmir Tarverdiyev üçüncü yeri tutub.

Hüseyn Səmədli isə 2008–2009-cu il təvəllüdlülər arasında 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, oktyabrın 1-də yekunlaşacaq yarışda Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox avarçəkən mübarizə aparır.