Dünya Kuboku-2026-da indiyədək qeydə alınmış ilklər - STATİSTİKA

 Dünya Kuboku-2026-da indiyədək qeydə alınmış ilklər - STATİSTİKA

Tarixdə ilk dəfə üç ölkədə - ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatı sona yaxınlaşır.

Artıq yarışda 8 milli komanda qalıb. DÇ iyulun 19-da yekunlaşacaq.

1/4 final mərhələsi sabah axşam start götürəcək.

"Mediasport" bu anadək mundialda qeydə alınmış rekordların, ilklərin siyahısını təqdim edir:

Birinciliyə ilk dəfə 48 komanda qoşuldu.

DÇ-də ilk dəfə 104 oyun baş tutacaq.

Meksika DÇ-yə 3-cü dəfə ev sahibliyi etmiş yeganə ölkə oldu - 1970, 1986, 2026.

Turnir tarixinin ən yüksək tamaşaçı rekordu artıq qrup mərhələsində yeniləndi - 4,6 milyon nəfər.

Orta stadion doluluğu təxminən 99,7 faiz təşkil etdi. Bu, dünya çempionatları tarixinin ən yüksək göstəricilərindən biridir.

Ev sahiblərindən Kanada millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsində qələbə qazandı (Kanada - Qətər 6:0).

2022-ci il mundialındakı ev sahibliyi istisna, Qətər yığması ilk dəfə seçmə mərhələni keçərək yarışda iştirak etdi.

Kabo-Verde tarixdə dünya çempionatının pley-offuna yüksələn ən kiçik əhaliyə malik ölkə oldu.

Kab-Verde həm də 1998-ci ildən sonra üç heç-heçə ilə qrupdan çıxan ilk komanda kimi tarixə düşdü.

İlk dəfə beş cüt qardaş eyni dünya çempionatında meydana çıxdı - Brayan Brobbi (Niderland) və Derrik Lukassen (Qana) mundiallar tarixində fərqli milli komandalar üçün qol vuran ilk qardaşlar oldular.

Lionel Messi dünya çempionatları tarixində ardıcıl altı pley-off oyununda qol vuran ilk futbolçu oldu.

Didye Deşam dünya çempionatları tarixində pley-off mərhələsində 10 qələbə qazanan ilk baş məşqçi oldu.

Kriştiano Ronaldo 6 dünya çempionatında qol vuran yeganə futbolçu oldu.

O, 41 yaşında dünya çempionatının pley-off mərhələsində də qol vuran ən yaşlı futbolçu rekordunu yenilədi.