Batumidə və Marseldə baş verən insidentlərin araşdırması başlandı
UEFA Avropa Liqasının V turunun iki qarşılaşmasında baş verən azarkeş insidentləri ilə bağlı araşdırma aparılacaq.
"Mediasport" xəbər verir ki, bir hadisə Fransanın Marsel şəhərində yerli "Olimpik"lə Bolqarıstanın "Levski" komandası arasında keçirilən matçdan əvvəl yaşanıb.
Qarşılaşma öncəsi tribunada tərəfdarlar arasında kütləvi dava düşüb. Hadisə nəticəsində 11 Bolqarıstan vətəndaşı xəsarət alıb, onlardan 5-i xəstəxanaya yerləşdirilib.
Fransa Prezidenti Emmanuel Makron və Bolqarıstan Prezidenti İliyana Yotova insidentə sərt reaksiya verərək hadisənin hərtərəfli araşdırılmasını və təqsirkarların məsuliyyətə cəlb olunmasını tələb ediblər.
Digər insident Gürcüstanın Batumi şəhərində "Beşiktaş" (Türkiyə) və "Hapoel" Beer-Şeva (İsrail) komandalarının oyunu zamanı qeydə alınıb.
Qarşılaşmanın 26-cı dəqiqəsində "Beşiktaş" azarkeşləri arasında yaranan qarşıdurmaya Gürcüstan polisi müdaxilə edib.
Bu zaman tərəfdarlarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında da gərginlik yaşanıb. Hakim oyunu dayandırıb və təxminən 30 dəqiqəlik fasilədən sonra matç bərpa olunub.
Görüş Türkiyə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
UEFA hər iki qarşılaşmanın hakim və nümayəndə hesabatlarını araşdırdıqdan sonra mümkün intizam tədbirləri ilə bağlı qərar verəcək.

