Estoniya klubuna keçən vinger: "Qarabağ" Avropa səviyyəli klubdur
"Düzünü desəm, əvvəllər daha çox diqqətimi Azərbaycan yığmasında oynamağa yönəltmişdim. İndi isə bu barədə çox düşünməməyə çalışıram. Konkret bir maraq və ya söhbət olarsa, təbii ki, ünsiyyət quracağıq və işlərin necə gedəcəyini görəcəyik".
"Mediasport" xəbər verir ki, bunu Estoniyanın “Trans Narva” klubunun mətbuat xidmətinə açıqlamasında azərbaycanlı vinger Murad Vəliyev deyib.
Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu yeni müqavilə bağladığı kluba Azərbaycan haqda haqda danışıb:
"Azərbaycan Premyer Liqası hazırda çox güclüdür. Orada legioner limiti yoxdur. Bu da liqanın səviyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Klublar daha güclü oyunçular dəvət edə bilərlər. Üstəlik, "Qarabağ" Avropa səviyyəli komandadır, müntəzəm olaraq avrokuboklarda oynayır və buna görə də liqanın ümumi səviyyəsi yüksəlir. Digər komandalar da ona uyğunlaşmağa çalışırlar".
Estoniya doğumlu Murad Azərbaycanda qalmamasını belə izah edib:
"Bir neçə səbəb var idi və nəticədə klubla birlikdə yeni bir seçim tapıb irəliləməyimin mənim üçün ən yaxşısı olduğuna qərar verdik. Dərhal Estoniyaya qayıtmağı düşünmədim. Sadəcə, təkliflərə açıq idim və müxtəlif variantlara baxırdım.
Nəticədə, “Trans Narva”nın baş məşqçinin ideyasını bəyəndim. Bunun karyeramda irəliyə doğru yaxşı bir addım olduğunu başa düşdüm. Xarici oyunçu sayılmamağım öz rolunu oynamalıdır, daha çox oyun vaxtı qazana biləcəyəm".
Xatırladaq ki, U-21 millimizin heyətində 15 oyun keçirmiş 23 yaşlı yarımmüdafiəçi "Transa Narva" ilə yayadək müddəti əhatə edən müqavilə bağlayıb.
