Əfran İsmayılov Nadir Nəbiyevin də səlahiyyətlərini əlindən alıbmış...
Əfran İsmayılovun "Şəfa"da qalmaqala səbəb olduğu barədə məlumatlısınız.
"Mediasport" Azərbaycan yığmasının sabiq üzvü ilə bağlı daha bir maraqlı informasiya əldə edib.
Bu ilin mayında paytaxt klubunun vitse-prezidenti təyin olunan keçmiş yarımmüdafiəçi ovaxtkı klub prezidenti Sərdar Salmanzadənin ardından akademiyanın direktoru Nadir Nəbiyevin də işinə birbaşa müdaxilələr edib.
Komandanı Premyer Liqaya çıxaran Salmanzadənin klubun hazırkı prezidenti - yaxın qohumu Kənan Sadıqlı ilə arasını vuran və buradan ayrılmasına səbəb olan İsmayılov "Burda mənəm, Bağdadda kor xəlifə"lik edərək Nəbiyevin akademiyaya rəhbərliyinə də maneələr yaradıb, səlahiyyətlərini əlindən alıb.
O, akademiyaya özünün bir neçə tanışını - dəqiq ifadə etsək, xəbər aparıb-gətirən adamlarını yerləşdirib.
Bildirək ki, təyin olunan kimi heyəti keyfiyyətsiz legionerlərlə dolduran, özünə sürücü götürən, səfər oyunları öncəsi hotellərin ən bahalı nömrələrində qalan, büdcəni israfçılıqla istifadə edən sabiq milli üzvünün hoqqalarından tam təfsilatı ilə məlumat toplayan Kənan Sadıqlı artıq 1 aya yaxındır İsmayılovu yanından uzaqlaşdırıb.
Onun "Şəfa"dan rəsmən gedişi an məsələsidir.
Qeyd edək ki, Nadir Nəbiyev bu ilin martında "Şəfa"nın akademiyasına rəhbər təyin olunub.

