Formula 1-ə görə tıxaca düşməmək üçün alternativ yollar təqdim edildi

 Formula 1-ə görə tıxaca düşməmək üçün alternativ yollar təqdim edildi

Bakı Şəhər DYP İdarəsi Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar sürücülərə müraciət edib.

"Mediasport" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sabah başlanacaq yarışla əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırılması nəzərə alınsın.

Xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur ki, alternativ yollardan istifadə etsinlər:

"Sürücülər cənubdan mərkəzə doğru, yəni “Azneft” və “Neftçilər” dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla “20 Yanvar” və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər.

Eyni zamanda, 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət edə bilərlər.

Bununla yanaşı, yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi 24-26 sentyabrda baş tutacaq.