Lanqa "Qarabağ"a kimin dəstəyi ilə gəldiyini açıqladı - MÜSAHİBƏ
"Mediasport" "Qarabağ"ın yeni transferi Bruno Lanqanın müsahibəsini təqdim edir:
"Qarabağ"a keçidiniz necə baş tutdu?
- Mənim üçün də bir qədər təəccüblü oldu. Çünki hər şey çox tez baş verdi. Hər kəsin arzusu böyük klublarda oynamaqdır. Bu səbəbdən də “Qarabağ”ın təklifini qəbul etməkdə çox düşünmədim. Öz işimlə, öz oyunumla bunun qarşılığını verməyə çalışacağam.
Başqa klublardan təklifləriniz var idi?
- Əslində transfer pəncərəsi açılanda bir yox, bir neçə təklif olur. Ancaq “Qarabağ” mənə maraq göstərən klubların önündə gəlirdi. Sanki keçidimdə digərləri ilə müqayisədə daha istəkli görünürdülər. Ona görə də “Qarabağ”ı seçdim.
Bura gəlməmişdən öncə "Qarabağ" haqda hansı məlumatlara sahib idiniz?
- Təbii ki, təklif gələrkən mən də maraqlandım. Amma buna qədər də "Qarabağ" haqda məlumatlı idim. Çünki "Qarabağ"ın keçmiş hücumçusu Juninyo komanda yoldaşım olub. 3 ilə yaxın onunla birlikdə oynamışıq. Hətta Juninyo "Qarabağ"a gəldikdən sonra da daim əlaqədə idik, klub haqqında danışırdıq. “Qarabağ”a keçmək fürsəti yarananda ilk danışdığım adam Juninyo oldu. O mənə dedi ki, "Qarabağ"a gözübağlı gedə bilərsən.
"Qarabağ"a transferinizi məşhur insayder Fabritsio Romano da paylaşmışdı. Bilirik ki, o, hər futbolçu ilə bağlı paylaşım etmir. Maraqlıdır, bu, sizin üçün təəccüblü oldu, yoxsa Romano ilə tanışlığınız var?
- Yox, tanışlığımız yoxdur. Jurnalistin işidir bu (gülür). Əslində Romano mənimlə bağlı ikinci dəfədir paylaşım edir. İlk dəfə "Almeriya"ya transferimi paylaşmışdı. O, "Qarabağ"a keçdimlə bağlı paylaşım edəndə isə mən artıq buradaydım.
Yəni bu dəfə gecikdi?
- Bəli, belə demək olar (gülür).


