Qurban Qurbanov ağız açdı, İsmayılovu "Şəfa"da saxladılar
İllər sonra yeni görkəmdə Premyer Liqaya qayıdan "Şəfa"da qəribə hadisələr davam etməkdədir.
Bu dəfə redaksiyamıza şok məlumat ötürülüb.
Bir müddət əvvəl saytımızda yazmışdıq ki, klub prezidenti Kənan Sadıqlı vitse-prezident postunu tutan Əfran İsmayılovun özbaşınalıqlarından media vasitəsilə xəbər tutduqdan və dəqiqləşdirmə apardıqdan sonra onu komandadan uzaqlaşdırıb.
Vəzifəyə 3 ay əvvəl təyin olunan, gəldikdən sonra Sadıqlının yaxın qohumu, klubu elitaya çıxaran Sərdar Salmanzadənin buradan gedişinə birbaşa səbəb olan, dövlətin ayırdığı maliyyə və sponsor büdcəsini ağına-bozuna baxmadan israf edən, səfər oyunları öncəsi komandanın qaldığı hotellərdə ən bahalı nömrələri götürən, özünə şəxsi avtomobili üçün qapını açıb-bağlamağa işçi tutan millinin sabiq futbolçusu naçar qaldığı üçün döymədiyi qapı qalmayıb.
Son ünvanı Qurban Qurbanov olan İsmayılov "Qarabağ"ın baş məşqçisinə xahiş-minnətə, yalvar-yaxara gedib.
Keçmiş futbolçusunu qırmayan Qurbanov "Şəfa" rəhbərliyinə ağız açaraq xahiş edib ki, mümkünsə, Əfran İsmayılov mövsümün sonuna qədər postunda qalsın.
Azərbaycanın Şöhrət ordenli məşqçisinin, ölkənin ən nüfuzlu futbol adamının xahişindən keçə bilməyən Kənan Sadıqlı məcburiyyətdən geri addım ataraq İsmayılovun komandada qalmasına "ok" verib.
Öz növbəsində İsmayılov da Qurban Qurbanov vasitəsilə Sadıqlıya çatdırıb ki, bir daha özbaşına hərəkət etməyəcək və rəhbərinin icazəsi olmadan kluba aid qərar almayacaq.
Klubdan saytımıza o da bildirildi ki, artıq büdcəyə sırf Kənan Sadıqlı nəzarət edir və bundan sonra Əfran İsmayılovun heç bir daxili qərarda imzası olmayacaq.
Mediasport.com.az

