Bakı Badminton Klubunda "Parabadminton Günü"

Bakı Badminton Klubunda "Parabadminton Günü"

Bakı Badminton Klubunda Milli Paralimpiya Komitəsi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə "Parabadminton Günü" təşkil olunub.

"Mediasport" xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyi, Milli Paralimpiya Komitəsi və Azərbaycan Badminton Federasiyasının rəsmiləri, eləcə də milli komandanın parabadmintonçuları iştirak ediblər.

Əlilliyi olan yeniyetmə və gənclər üçün təşkil olunan tədbir çərçivəsində iştirakçılar parabadminton ilə ilk dəfə tanış olub, bu idman növünün qaydaları, əsas texniki elementləri və oyun prinsipləri barədə nəzəri biliklər əldə ediblər.

Daha sonra onlar məşqçilərin rəhbərliyi ilə praktiki məşqlərdə iştirak edərək parabadmintonu sınaqdan keçirmək imkanı qazanıblar.

Tədbirin əsas məqsədi parabadmintonun ölkəmizdə təbliği, əlilliyi olan şəxslərin idmana cəlb olunması, inklüziv idman mühitinin təşviqi və yeni idman istedadlarının üzə çıxarılmasıdır.