"Araşdırdım, hər şeyi götür-qoy etdim və qərarımı verdim"

“Qəbələ” keyfiyyətli heyətə malikdir. Ötən il I Liqada çempion olub və düşünürəm ki, bu təsadüfi deyil".
“Mediasport” xəbər verir ki, bunu “Qəbələ”nin yeni transferi Adriel Ba Lua deyib.
28 yaşlı yarımmüdafiəçi komandanın keyfiyyətli futbolçulara malik olduğunu söyləyib:
“Komandanı bir çox futbolçuların tərk etməsinə baxmayaraq, heyətimizin keyfiyyətli olduğunu düşünürəm. Peşəkar və təcrübəli məşqçilər korpusumuzla gözəl işlər görə bilərik. Ümidvaram ki, yaxşı nəticələrə imza atmağı bacaracağıq. Mən də “Qəbələ” üçün əlimdən gələni edəcəyəm”.
Fil Dişi Sahilindən olan futbolçu Azərbaycanı çox bəyənib:
“Azərbaycanın çox yaxşı insanları var. Komandamızda da hələlik hər şey qaydasındadır. Əvvəllər Azərbaycan haqqında məlumatım yox idi. “Qəbələ”dən dəvət gəldikdən sonra araşdırdım, hər şeyi götür-qoy etdim və sonda qərarımı verdim. Burada olmaq çox xoşdur. Azərbaycan və Qəbələ gözəldir”.
Qeyd edək ki, klub Adriel Ba Lua ilə 1 illik müqavilə imzalayıb.