"Sabah" Çempionlar Liqası oyunlarına fərdi bilet də satacaq
“Sabah” UEFA Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır.
"Mediasport" xəbər verir ki, paket biletlər azarkeşlərə “Sabah”ın “Slaviya” (Praqa), “Borussiya” (Dortmund), “Barselona” və “Napoli” ilə keçirəcəyi dörd ev oyununu stadionda izləmək və bütün qarşılaşmalarda eyni yeri təmin etmək imkanı yaradacaq.
Klub azarkeşlərin göstərdiyi böyük marağa və dəstəyə görə təşəkkür edib.
Paket biletlərin satışının gözləntiləri üstələdiyi və artıq bütün dörd ev oyunu üçün yüksək azarkeş marağının olduğu qeyd olunub.
Paket biletləri oktyabrın 1-i saat 12:00-dək əldə etmək mümkündür. Bu vaxtdan sonra dörd oyunu əhatə edən paketlərin satışı dayandırılacaq.
Paket satışları başa çatdıqdan sonra klub növbəti mərhələyə - hər oyun üçün fərdi biletlərin satışına keçəcək.
Fərdi biletlərin satışının başlanma tarixi və digər məlumatlar klubun rəsmi informasiya resurslarında ayrıca elan ediləcək.

