"Dəfələrlə təkrarlayırıq ki, tam ciddi hazılarşmaq lazımdır”

“Bu gün qələbə qazanmaq istəyirdik. Üçüncü pilləyə qalxmaq üçün 3 xal bizim üçün çox vacib idi. Əfsuslar olsun ki, istifadə edə bilmədik".
"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un məşqçisi Yunis Hüseynov deyib.
Mütəxəssis Azərbaycan Premyer Lqiasının 32-ci turunun "Şamaxı" ilə ev oyunundan danışıb, 1:1 hesablı heç-heçəni şərh edib:
"Qol vurduq. Tez bir zamanda da qapımızda qol gördük. Ötən oyunda da, bu oyunda da rəqib yox, özümüz özümüzə epizodlar yaratdıq və qol buraxdıq. Bugünkü oyunda da rəqib səhvdən istifadə etdi. Qarşıda oyunlarımız var. Tam ciddi hazılarşmaq lazımdır”.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.
Komanda "Sabah"a, "Qarabağ"a qalib gəlir, amma nisbətən zəif rəqiblərlə oyunlarda xal itirir. Bunun səbəbi nədir?
- Biz özümüz də bu haqda danışırıq. Dediyiniz rəqiblərlə oyunlarda xallar itirməsəydik, bəlkə də 2-ci yerdə olardıq. Mən özüm də futbol oynamışam. "Qarabağ"a, "Sabah"a qarşı futbolçularda köklənmə başqa cür olur. Dəfələrlə təkrarlayırıq ki, tam ciddi olmaq lazımdır. Bunun üzərində işləyirik. Hər oyundan sonra Kurban Berdıyev də futbolçularla danışır.
"Karvan"ın demək olar ki, bütün uğurları sizin adınızla bağlıdır. Yevlax təmsilçisi bu gün Premyer Liqaya vəsiqəni təmin etdi. Təklif olsa, yenidən "Karvan"da işləmək istəyərsiniz?
- Premyer Liqaya yüksələn bütün komandalara uğurlar arzulayıram. Bölgə klublarının elitada olması yaxşı haldır. Amma mən hazırda "Turan Tovuz"da özümü xoşbəxt hiss edirəm. Axıra qədər Kurban Berdıyevə köməklik edəcəyəm.
Komanda niyə hücumda çoxala bilmirdi?
- Axsayan cəhətimiz odur ki, hücumda çoxala bilmirik. Bu olmayanda da qol vura bilməyəcəksən. Hücuma atılmaq lazımdır. Öndə top saxlamaqda çətinlik çəkirik. Arxada top saxlamaq asandır. Çünki orada rəqibin oyunçuları az olur. Qol vurmaqda da çətinliklərimiz var. Amma çox asanlıqla qol buraxırıq.
Avrokuboklara vəsiqə üçün kubokun finalında "Qarabağ"ın qələbəsini gözləyəcəksiniz?
- Hələ qarşıda 4 oyun var. Bilmək olmaz nələr baş verəcək. Fikrimiz ancaq 3-cü yer üçün oynamaqdır. Kubokun finalını gözləmək istəmirik. Avrokuboklarda iştirak etməyi arzulayırıq. "Turan Tovuz" azarkeşləri möhtəşəmdir. Klubun rəhbəri də komanda üçün hər cür şərait yaradıb. İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq.