Tofiq Əliyev Azərbaycan milli komandasının baş məşqçisi oldu

 Tofiq Əliyev Azərbaycan milli komandasının baş məşqçisi oldu

Azərbaycan Atletika Federasiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib.

"Mediasport" bildirir ki, federasiya prezidenti Cavid Qurbanov gündəlikdə duran məsələlər barədə məlumat verib.

Gənclər və idman naziri Fərid Qayıbov ötən il ərzində federasiya tərəfindən ciddi işlərin görüldüyünü və bu istiqamətdə aparılan fəaliyyətin qarşıdakı illərdə nüfuzlu yarışlarda öz bəhrəsini verəcəyinə ümid etdiyini bildirib.

Daha sonra baş katib Məhərrəm Sultanzadə il ərzində federasiyanın fəaliyyəti ilə bağlı geniş hesabat xarakterli çıxış edib.

Hakimlər kollegiyasının sədri Şirin Vəliyevin və baş mühasib Gülnarə Şiryayevanın hesabatları dinlənilərək qəbul olunub.

Sonra ötən ilin ən yaxşıları mükafatlandırılıb.

İlin kişi idmançısı Əlhəm Nağıyev, ilin qadın idmançısı Yekaterina Sariyeva, ilin gənc idmançısı İlahə Quliyeva, ilin məşqçisi Vidadi Əlisgəndərov, ilin hakimi isə Namiq Əsədov seçilib.

Avropa Atletikasının məşqçi mükafatı Oktay Şahtaxtinskiyə təqdim edilib.

Zəfər Qaçış Klubunun direktoru Elşən Quliyev təşəkkürnamə ilə təltif olunub.

Federasiya rəhbərliyi atletika üzrə milli komandanın baş məşqçi vəzifəsinə yeni təyin olunan təcrübəli mütəxəssis, “Əməkdar məşqçi”, "Əməkdar bədən tərbiyəsi və idman xadimi" Tofiq Əliyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.