"Azərbaycan derbisi"nə doğru: Anşlaq gözlənilir - Rəqəmlər "Qarabağ"ın tərəfində olsa da...
Həftəsonu Azərbaycan Premyer Liqası gərgin derbi ilə yadda qalacaq.
8-ci tur çərçivəsində "Qarabağ"la "Neftçi" arasında 103-cü "Azərbaycan derbisi" baş tutacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş şənbə günü, saat 19:00-da start götürəcək.
Ümumi və xüsusilə son illərin statistikasında üstünlük Ağdam klubunun tərəfində olsa da, cari mövsüm mənzərə fərqli istiqamətə dəyişə bilər.
Bunu deməyə "ağ-qaralar"ın bir neçə ildən sonra mövsümə yaxşı başlaması, sabit çıxış etməsi və liderlər qrupunda qərarlaşması imkan verir.
Komandalar arasında indiyədək reallaşmış 120 görüşün 47-də sevinən tərəf "Qarabağ" olub, "Neftçi"nin aktivində 24 qalibiyyət var.
Tərəflər 31 dəfə meydandan "sülh"lə ayrılıblar.
Paytaxt təmsilçisi son 5 səfər qarşılaşmasında "atlılar"ın qapısına qol vurmayıb, xal qazana bilməyib.
Hazırda turnir cədvəlində üçhakimiyyətlilik hökm sürür - "Neftçi", "Sabah" və "Qarabağ" 16 xalla liderliyi bölüşür.
Lakin Yuri Vernidubun komandasından fərqli, digər iki kollektiv bir matç az keçirib.
Bu mövsümdə hələ ki, ən çox qol vuran komanda məhz "Neftçi"dir. Hesabında 18 qol olan klubu həmşəhərliləri - "Sabah" izləyir (14 qol). Üçlüyü 11 topla "Qarabağ" qapayır.
Yayda heyət baxımından demək olar, 80 faiz yeniləşən Qurban Qurbanovun komandasının əsasən sabit irəliləyən "Neftçi" ilə budəfəki oyununa ajiotaj da böyükdür.
Tərəflərin liderlik uğrunda mübarizədə olması da derbinin kifayət qədər gərgin və maraqlı keçəcəyindən xəbər verir.
Onsuz bu komandaların turnir cədvəli mövqeyi və vəziyyətindən asılı olmayaraq, qarşıdurmaları həmişə ajiotajla keçir.
Bu dəfə də Respublika stadionuna azı 20 min azarkeşin toplaşacağını proqnozlaşdırmaq olar.
Matç günü və saatı, hava şəraiti, həmçinin bilet qiymətlərinin azarkeşlər üçün uyğun olduğunu nəzərə almaqla ehtimal edirik ki, "Azərbaycan derbisi"ndə əsl anşlaq, futbol bayramı yaşanacaq.
Mediasport.com.az

