"Azərbaycan yığmasında hər zaman qruplaşmalar olub" - VİDEO

"Azərbaycan yığmasında hər zaman qruplaşmalar olub" - VİDEO

“Milli komandada hər dövrdə qruplaşmalar olub. Bu əvvəllər də belə idi. Biz oynadığımız vaxtlarda komandada çıxış edən ukraynalılar - Levin-Axtyamov və başqa qruplaşmalar var idi. İndi də elədir".

"Mediasport" xəbər verir ki, bu fikirləri Azərbaycan milli komandasının sabiq futbolçusu və kaitanı olmuş Maksim Medvedev səsləndirib.

Hazırda "Qarabağ"ın akademiyasında məşqçi işləyən veteran İctimai Televiziyanın “OffTOP” layihəsində maraqlı fikirləri ilə diqqət çəkib:

"Bizə mükafat verəndə tapşırırdılar ki, bunu mətbuata çıxarmayın. Amma biz iclasdan ayrılan kimi görürdük ki, bütün saytlar bu haqda yazıb. Məsələn, bizə deyirdilər ki, bu oyunda qalib gəlsəniz, mükafatınız bu qədər olacaq. Gedib saytlara baxırdıq ki, artıq mükafatın məbləğini də yazıblar.

Çoxları deyirdi ki, futbolçular bu məlumatları yayır. Amma mənə elə gəlir ki, futbolçulardan əvvəl bunu bilənlər olub. Stolun altına səsyazan qoyublar, yoxsa nə ediblər, bilmirəm".

Medvedev qeyd edib ki, yığmada nəticələrə görə bonuslar vacib deyil:

"Əslində oyundan əvvəl mükafat haqda danışmaq düzgün deyil. Bunlar futbolçunun fikrini yayındırır. Onsuz da klubda hamı yaxşı qazanır. Ona görə də belə şeylər lazım deyil, çıxıb oyun oynamaq lazımdır". 

M.Medvedev qruplaşmalar haqda bunları vurğulayıb:

"Əvvəllər də milli komandada qruplaşmalar olub, indi də var:   Baxırsan ki, Renat Dadaşovun, Bədavi Hüseynovun, Ramil Şeydayevin qrupu var. Bunlar olmamalıdır. Ola bilər ki, bizim eyni mövzularda marağımız var və buna görə bir yerdə söhbət edirik. Bu, problem deyil. Amma indi yeməkxanada 4-5 nəfərlik qruplaşma halında otururlar. Komanda bir-biri ilə söhbət etmir. Təbii ki, bu, meydanda da hiss olunacaq. Hərə özünü fikirləşir. Həmişə belə şeylər olub".