Dünya və Avropa çempionu Kürdəmir postunda saxlanıldı

Dünya və Avropa çempionu Kürdəmir postunda saxlanıldı

Şahmat üzrə dünya və Avropa çempionu Zeynəb Məmmədyarova Kürdəmir rayonunda xoşagəlməz hadisə yaşayıb.

"Mediasport" xəbər verir ki, beynəlxalq dərəcəli qrossmeysterə qarşı DYP-nin Kürdəmir YPX postunda haqsızlıq edilib.

O, hadisə barədə sosial şəbəkə hesabında paylaşıb. Paylaşımı olduğu kimi təqdim edirik:

"Avtomobillə yol hərəkəti qaydasının pozulması — 1.1 xəttinin tapdanması səbəbilə (3 cərimə balı və 80 AZN cərimə) polis əməkdaşı Orxan Yolçuyev sürücüdən sənədləri tələb etdi.

Sürücü sənədləri təqdim etdi. Daha sonra polis əməkdaşı sürücü ilə birlikdə kameraya baxmağa getdi.

Qayıtdıqdan sonra isə bildirdi ki, avtomobil bizim mülkiyyətimizdə olsa da, son etibarnamə həyat yoldaşımın adınadır və cərimə ona yazılmalıdır.

Halbuki polis əməkdaşı sürücünün həyat yoldaşım olmadığını öz gözləri ilə görür, sənədləri yoxlayır və buna baxmayaraq qanunsuz şəkildə bizdən həyat yoldaşımın sürücülük vəsiqəsini gətirməyimizi tələb edir.

Bu necə mümkündür? Polis əməkdaşı sürücünü görür, sənədləri qəbul edir, amma cəriməni tamam başqa şəxsə yazmaq istəyir. Bu, açıq şəkildə qanunsuz yanaşmadır.

Biz 1 saat postda saxlanıldıq. 102 xidmətinə 3 dəfə zəng etdim, lakin mənimlə əlaqə saxlanılmadı. Yol Polisi Qaynar Xəttinə — 902-yə zəng etdikdə isə Hümbətov Elvin adlı əməkdaş “şikayət qeydə alındı” deməkdən başqa heç bir tədbir görmədi.

Halbuki polis əməkdaşının etməli olduğu yeganə qanuni addım cəriməni avtomobili idarə edən sürücüyə yazmaq və bizi yolumuza davam etdirmək idi. Amma şəxsi istəyi ilə bizi postda saxlayır, sürücüyə deyil, başqa bir şəxsə cərimə yazmağa çalışırdı.

Əgər mən özümü təqdim etdiyim halda belə bir hörmətsizlik və qanunsuz münasibətlə qarşılaşdımsa, sıravi vətəndaşların vəziyyətini təsəvvür etmək çətin deyil.

Ümid edirəm ki, qanunları kobud şəkildə pozan polis əməkdaşı Orxan Yolçuyev etdiyi hərəkətə görə layiqli qiymətini alacaq.

Dövlətimizin apardığı daxili siyasət belə halların aradan qaldırılmasına yönəlib. Biz də dövlətini, bayrağını daim yüksək tutan və qanunun aliliyinə inanan vətəndaşlar olaraq haqsızlıqlara susmamalıyıq.

Bu yazını hazırladığım anda polis əməkdaşı yaxınlaşıb sürücüyə heç bir cərimə yazmadan bizi yola saldı. Mən isə ona bildirdim ki, bilərəkdən etdiyi bu kobud və qanunsuz davranış cavabsız qalmayacaq".