"Karvan"ın Yevlax stadionuna qayıdacağı TARİX MÜƏYYƏNLƏŞDİ
Yevlax şəhər stadionunun Premyer Liqa standartlarına uyğunlaşdırılması ilə bağlı “Karvan-Yevlax” klubu tərəfindən arenada təmir-bərpa işləri aparılıb və meydanın ot örtüyü yenilənib.
"Mediasport" xəbər verir ki, bu müddət ərzində Peşəkar Futbol Liqası tərəfindən stadionda bir neçə dəfə təftiş işləri həyata keçirilib.
4 noyabr tarixində keçirilmiş test oyunu zamanı qeydə alınmış yekun çatışmazlıqlar klubun diqqətinə çatdırılıb və həmin məsələlər sonradan aradan qaldırılıb.
Bundan əlavə, stadionun süni ot örtüyü üçün FİFA-dan müvafiq keyfiyyət sertifikatı təqdim edilib.
Əsasnamənin tələblərinə əsasən, stadionla əlaqədar oyunun yerinin dəyişdirilməsi barədə klub PFL-ə ən azı 7 gün əvvəl müraciət etməlidir.
Stadionun Premyer Liqa standartlarına uyğunlaşdırılmasını və müraciətin növbəti turun oyununa ən azı 7 gün qalmış edilməsini nəzərə alaraq bildiririk ki, “Karvan-Yevlax” klubu Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz”lə oyundan etibarən ev oyunlarını Yevlax şəhər stadionunda keçirə biləcək.
Görüş noyabrın 21-də baş tutacaq.
