"Perspektivli oyunçularımız var, daha da yaxşı çalışmaq lazımdır"

  "Perspektivli oyunçularımız var, daha da yaxşı çalışmaq lazımdır"

"Avropa Liqası bizim üçün yekunlaşdı. Evdə Macarıstan və Portuqaliya seçmələrinə 1:3 hesabı ilə məğlub olduq".

"Mediasport" xəbər verir ki, bu sözləri kişi voleybolçulardan ibarət milli komandanın kapitanı Vüqar Bayramov deyib.

O, yığmanın oyun üslubunun inkişaf etdiyini vurğulayaraq məşqçilər heyətinə təşəkkür edib:

"Bu matçlar uğursuz nəticəyə rəğmən, səfər oyunlarımızla müqayisədə daha maraqlı və gərgin keçdi. Bəzi setlərdə daha səmərəli çıxış etdik. Buna görə komanda yoldaşlarıma və məşqçi heyətinə təşəkkürümü bildirirəm. Azərbaycanın kişi voleybolçulardan ibarət yığması günü-gündən böyüyür".

Kapitan heyətə çağırılan gənc voleybolçulardan da söz açıb:

"Gənc oyunçularımız bu il ilk dəfə milliyə dəvət olunmuşdular. Onları təbrik edirəm və uğurlar arzu edirəm. Ümid edirəm ki, həmin voleybolçular Azərbaycanı gələcəkdə də layiqincə təmsil edəcəklər. Bu, idmandır və komandamız günü-gündən böyüyür. Perspektivli oyunçularımız var, sadəcə, daha yaxşı çalışmaq lazımdır. Növbəti yarışlarda gənclərin yığmanı daha gözəl təmsil edəcəyinə inanıram".

Xatırladaq ki, milli Avropa Liqasında Yunanıstan, İsveç, Rumıniya və İspaniyaya 0:3, Portuqaliya və Macarıstana isə 1:3 hesabı ilə məğlub olaraq turniri qələbəsiz başa vurub.