Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü qeyd edilir

Bu gün Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü qeyd edilir.
"Mediasport" xəbər verir ki, görkəmli ziyalı Həsən bəy Zərdabinin 1875-ci ildə "Əkinçi" qəzeti ilə əsasını qoyduğu Azərbaycan mətbuatının yaradılmasından 150 il ötür.
22 iyulda "Əkinçi" qəzetinin ilk sayı işıq üzü görüb. Bu tarix 1991-ci ildən Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü qeyd olunur.
Qəzetin həm naşiri, həm redaktoru, həm də korrektoru Azərbaycan tarixində silinməz iz qoymuş təbiətşünas-alim Həsən bəy Zərdabi idi.
Onun başlatdığı bu maarifçilik hərəkatına Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Əsgər ağa Gorani və digər mütəfəkkir ziyalılar da töhfələrini veriblər.
56 sayda nəşr olunmuş "Əkinçi"nin son buraxılışı 1877-ci ilin sentyabrında çap edilib. Redaksiya heyəti və qəzet Çar Rusiyasının qadağası səbəbindən fəaliyyətini dayandırıb.
"Əkinçi"dən sonra o dövrlərdə Azərbaycanda “Molla Nəsrəddin”, “Ziya”, “Kaspi”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “Açıq söz” və digər nəşrlər çap olunmağa başlayıb.
Bu gün müasir və müstəqil Azərbaycan mətbuatı inkişaf yolunu keçir.
150 il əvvəl görkəmli elm adamları ilə başladılan bu şərəfli yolun davamçılarının hər birinin bayramı mübarək olsun!