Əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə olunacaq

Əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə olunacaq

Qarabağ Dirçəliş Fondu ilə "Turan Tovuz" arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

"Mediasport" xəbər verir ki, Memorandumu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev imzalayıb.

Sənədə əsasən, oktyabrın 3-də Bakıda Tovuz təmsilçisi ilə Türkiyənin "Fənərbaxça" klubu arasında keçiriləcək yoldaşlıq oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Toplanan vəsait işğaldan azad olunan ərazilərin yenidən qurulması və regionun dayanıqlı inkişafı istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Rəhman Hacıyev Qarabağın dirçəlişi naminə atılan bu nəcib addımı yüksək qiymətləndirib və təşəbbüsə görə "Turan Tovuz" rəhbərliyinə təşəkkürünü bildirib.

Xatırladaq ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Turan Tovuz" – "Fənərbaxça" matçı saat 20:00-da start götürəcək.