Gözlənilən başlanğıc - 3-də 3

Gözlənilən başlanğıc - 3-də 3

Okeanın o tayında - Şimali Amerika materikində futbol üzrə ən böyük bayram - Dünya Kuboku yarışı davam etdiyi bir vaxtda Avropa qitəsində də yeni mövsüm start götürdü.

2026/2027-ci illər üçün avrokuboklara vəsiqə qazanmış 4 klubumuzdan 3-ü ilk oyunlarını uğurla başa vurdular.

Ölkə çempionu olmuş "Sabah" UEFA Çempionlar Liqası, "Qarabağ" Avropa Liqası, "Zirə" isə Konfrans Liqasının startında azarkeşlərini sevindirməyə müvəffəq oldu.

Hər üç klubun Avropa macərasına qələbə ilə başlaması təbii olaraq Azərbaycan futbolu adına müsbət mənzərə formalaşdırdı.

Nəticələrə əsasən demək olar ki, artıq təmsilçilərimiz beynəlxalq oyunların tempinə, təzyiqinə və məsuliyyətinə əvvəldən daha yaxşı hazırlaşa bilirlər.

Əlbəttə, ilk qələbələr hələ heç nəyi həll etmir. Qarşıda cavab görüşləri, sürpriz olmayacaqsa, daha çətin rəqiblər və daha böyük sınaqlar var.

Bununla belə, mövsümə inamlı start vermək həm komandaların psixoloji üstünlüyü, həm də Azərbaycanın UEFA reytinqi baxımından mühüm əhəmiyyət daşıyır.

İndi əsas məsələ ilk matçlarda əldə edilən üstün hesabların cavab görüşlərində qorunmasıdır ki, açığı, sensasiyaya oxşar nəticələrin olacağı proqnozlaşdırılımır.

Xüsusilə Azərbaycan futbolunun Avropadakı bayraqdarı "Qarabağ" başda olmaqla, formalaşma prosesini uğurla keçmiş "Sabah", o cümlədən "Zirə"nin də növbəti raunda vəsiqə qazanacağı gözlənilir.

Konfrans Liqasında mübarizəyə 2-ci təsnifatdan başlayacaq "Neftçi" də bu sıraya qoşulsa, ölkənin UEFA reytinqi baxımından əmsallarını əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşdıracağını təxmin edə bilərik.

Qısası, bu gün uğurlu nəticələr münasibətilə sevinmək üçün əsas var. Lakin sabah həmin pozitivi daha böyük hədəflərə çevirmək şərtdir.

Mediasport.com.az