Mateuş Koxalski Rasmus Hoylunun penaltisini dəf etməsindən danışdı
"Oyundan öncə məşqdə "Napoli"nin iki futbolçusunun penalti vuruşları üzərində hazırlaşmışdım. Lakin onların arasında Rasmus Hoylun yox idi. Ani qərar verməli idim, düşündüm və cinaha tullandım".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Mateuş Koxalski deyib.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin "Napoli" ilə səfər görüşündə (0:2) kritik qurtarışları ilə dünyanın idman gündəminə düşün 25 yaşlı polşalı qolkiper çıxışını dəyərləndirib.
O, ölkəsinin mətbuatına açıqlamasında yaxşı seyvlər etməsinə baxmayaraq, yekunda məyus olduğunu qeyd edib:
“Nəticə bizimçün yaxşı alınmadı. Uduzduğumuz üçün məyus olmuşdum. Lakin qarşıda hələ 3 matçımız və 7 xalımız var. Fikrimcə, heyətimiz pley-offa çıxmaq üçün yetərlidir".
Koxalski bunadək əldə etdikləri nəticələrin gözlənilməz olduğunu vurğulayıb:
"Azərbaycana gedəndən sonra öyrəndim ki, “Qarabağ" bütün ölkənin qürurudur. Düzdür, Çempionlar Liqasının əsas mərhələsində 4 tura 7 xal qazanmağımız hər kəsə sürpriz oldu. Amma bu, təsadüfi nəticə deyil. Komandamız həm avrokuboklarda, həm daxili yarışlarda yaxşı çıxış edir".
